30 Haziran 2016 Perşembe

İkinci fəsil Quran möcüzələri

İkinci fəsil 
Quran möcüzələri

Giriş

Allah 14 əsr əvvəl insanlara yolgöstərici kitab olan Qurani-kərimi nazil etmiş və bütün bəşəriyyəti Qurana tabe olaraq xilas olmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi, Quran “aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir”  (Qələm surəsi, 52). Quran nazil edildiyi gündən qiyamət gününə qədər bəşəriyyətin yeganə yolgöstəricisi olan son ilahi kitab olacaq.
Quran endirildiyi gündən bəri hər dövrdə yaşayan insanların anlayacağı asan və anlaşıqlı dildədir. Allah Quranın bu üslubunu “And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq…” (Qamər surəsi, 22) ayəsi ilə xəbər verir. Eyni zamanda, Quranın ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslubu və hikməti də onun Allah`ın sözü olduğunu qəti sübut edir.
Quranın bu xüsusiyyətləri ilə bərabər Allah`ın sözü olduğunu sübut edən bir çox möcüzəvi xüsusiyyəti var. Bu xüsusiyyətlərindən biri ancaq XX və XXI əsr texnologiyası ilə əldə edilmiş bəzi elmi faktların 1400 il əvvəl Quranda bildirilməsidir.
Əlbəttə, Quran elmi kitab deyil. Lakin müxtəlif ayələrdə hikmətli tərzdə ifadə edilmiş bəzi elmi həqiqətlər ancaq XX əsr texnologiyası ilə kəşf edilmişdir. Quranın nazil edildiyi dövrdə elmi cəhətdən müəyyən edilməsi mümkün olmayan bu məlumatlar insanlara Quranın Allah`ın sözü olduğunu bir daha sübut edir.
Quranın elmi möcüzələrini anlamaq üçün, əvvəla, bu ilahi kitabın endirildiyi dövrün elmi səviyyəsinə nəzər salmaq lazımdır.
Quranın nazil edildiyi VII əsrdə ərəblər elmi məsələlər haqqında saysız-hesabsız xurafata və batil inanca malik idilər. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülmüş əfsanələrə inanırdılar. Məsələn, səmanın dağlar vasitəsilə yüksəkdə dayandığını düşünürdülər. Bu inanca görə, Yer kürəsi düz idi və iki tərəfdəki hündür dağlar dirək kimi göy qübbəsini saxlayırdılar.
Lakin ərəblərin bu batil inancları Quranla birlikdə aradan qaldırıldı. “Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən ... məhz Allah`dır...”  (Rəd surəsi, 2) ayəsi göyün dağlar sayəsində yüksəkdə dayanmadığını aşkar etdi. Bunun kimi hələ bir çox məsələdə o dövrdə heç kəsin bilmədiyi mühüm məlumatlar Quranda verildi. İnsanların astronomiya, fizika və ya biologiya haqqında çox az şey bildiyi dövrdə nazil edilən Quran kainatın yaradılışından insanın yaranmasına, atmosferin quruluşundan yer üzündəki müvazinətlərə qədər bir çox məsələdə məlumatlar ehtiva edirdi.
Bu fəsildə Qurandakı elmi həqiqətlərin bir hissəsinə yer verilmişdir.
gökyüzü

Kainatın yaradılışı

XX əsrin ortalarına qədər kainatın sonsuz ölçülərə malik olduğunu, sonsuzluqdan bəri mövcud olduğunu və əbədiyyən mövcud olacağını müdafiə edən düşüncə tərzi hakim idi. “Statik (sabit) kainat modeli” adlandırılan bu anlayışa əsasən, kainatın başlanğıcı və sonu yox idi.
Materialist fəlsəfənin də əsasını təşkil edən bu düşüncə tərzi kainatı sabit və dəyişməz maddələr yığını kimi qəbul edir, Yaradanın varlığını inkar edirdi. Halbuki, XX əsrdə inkişaf edən elm və texnologiya materialistlərin əsaslandığı sabit kainat modeli kimi ibtidai anlayışları kökündən məhv etdi.
XXI əsrin əvvəllərində kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayışla yarandığı müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamalarla sübut edilmişdir. Bundan əlavə, kainatın materialistlərin iddia etdiyi kimi sabit olmadığı, əksinə, daima hərəkət etdiyi və dəyişdiyi, genişləndiyi də müəyyən edilmişdir. Bu gün bu həqiqətləri bütün elm dünyası qəbul edir.
Qurani-kərimdə kainatın əmələ gəlməsi belə açıqlanır:
O, göyləri və yeri (yoxdan) var edəndir...  (Ənam surəsi, 101)
Quranda verilmiş bu məlumat müasir elmi kəşflərlə uyğunluq təşkil edir. Əvvəldə də bildirdiyimiz kimi, astrofizika bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə, sıfır həcmdən böyük partlayışla yarandığını qəti şəkildə isbat etmişdir. Böyük partlayış (Big Bang) adlandırılan bu nəzəriyyə bütün kainatın təqribən 15 milyard il əvvəl bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir.
Big Bangdən əvvəl maddə yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik yoxluq mühitində maddə, enerji və zaman bir anda yaradılmışdır. Müasir fizikanın aşkar etdiyi bu böyük həqiqət Quranda 1400 il əvvəl xəbər verilmişdir.

Kainatın genişlənməsi

Astronomiyanın hələ inkişaf etmədiyi dövrdə, 14 əsr əvvəl nazil edilmiş Qurani-kərimdə kainatın genişləndiyindən belə bəhs edilir:
Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik.  (Zariyat surəsi, 47)
Yuxarıdakı ayədə işlədilən “göy” sözü Quranın bir çox yerində kosmos və kainat mənasında istifadə edilir. Belə ki, burada da bu mənada istifadə edilmiş və kainatın genişləndiyi bildirilmişdir. Ərəbcədən Azərbaycan dilinə “Biz onu genişləndiririk (genişləndirməkdəyik)” kimi tərcümə edilən “innə lə musiunə” ifadəsindəki“musiunə” sözü “genişləndirmək” mənasını verən “əvsəa” felindən törəmişdir. “Lə” ön şəkilçisi də özündən sonrakı isim və ya sifətə vurğu əlavə edərək “çox” mənasını ifadə edir. Beləliklə, bu ifadə “Biz göyü və ya kainatı çox genişləndiririk” mənasını daşıyır. Elm də Quranda bizə bildirilənlə eyni nəticəyə gəlmişdir. 1
XX əsrin əvvəllərinə qədər elm dünyasında hakim olan yeganə düşüncə tərzi belə idi: kainat sabitdir və sonsuzluqdan bəri mövcuddur. Ancaq dövrümüzün texnologiyası sayəsində həyata keçirilmiş tədqiqat, müşahidə və hesablamalar kainatın başlanğıcı olduğunu və dayanmadan genişləndiyini sübut etmişdir.
Rus fiziki Aleksandr Fridman (Alexander Friedmann) və belçikalı kosmoloq Corc Lematr (Georges Lemaitre) XX əsrin əvvəllərində kainatın hərəkət halında olduğunu və genişləndiyini nəzəri cəhətdən hesabladılar.
edwin hubble
Edvin Habl nəhəng teleskopu ilə.
Bu həqiqət 1929-cu ildə müşahidələrlə də sübut edildi. Amerikalı astronom Edvin Habl (Edwin Hubble) nəhəng teleskopla səmanı tədqiq edərkən ulduzların və qalaktikaların dayanmadan bir-birindən uzaqlaşdığını kəşf etdi. Bu kəşf astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. Habl bu tədqiqatlar zamanı ulduzların bir-birindən məsafəsindən asılı olaraq qızılı rəngə çalan işıq yaydığını müəyyən etdi. Çünki fizika qanunlara görə, müşahidə edilən nöqtəyə doğru hərəkət edən işıqların spektri bənövşəyi, müşahidə edilən nöqtədən uzaqlaşan işıqların spektri isə qızılı olur. Hablın müşahidələri əsnasında isə ulduzların işığının spektri qızılı idi. Qısaca desək, ulduzlar bir-birindən dayanmadan uzaqlaşırdılar.
Ulduzlar və qalaktikalar təkcə bizdən deyil, bir-birilərindən də uzaqlaşırlar. Hər şeyin daima bir-birindən uzaqlaşdığı kainat isə davamlı genişlənən kainat demək idi. Kainatın genişlənməsi sonrakı illərdəki müşahidələrlə də qəti şəkildə sübut edildi.
Mövzunu daha yaxşı anlamaq üçün kainatı şişirilən şarın səthi kimi düşünmək olar. Şarın səthindəki nöqtələr şar şişdikcə bir-birlərindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-birlərindən uzaqlaşırlar. Əslində, bu həqiqət XX əsrin ən böyük elm adamlarından biri hesab edilən Albert Eynşteyn tərəfindən nəzəri cəhətdən kəşf edilmişdi. Lakin Eynşteyn o dövrdə qəbul edilmiş “sabit kainat modelinə” zidd olduğu üçün bu kəşfini bir kənara qoydu. Eynşteyn bu hərəkətini daha sonra həyatının ən böyük səhvi adlandırmışdı. 2
Bu elmi fakt hələ heç bir insana məlum deyilkən, Quranda əsrlər əvvəl açıqlanmışdır. Çünki Quran bütün kainatın yaradanı və hakimi olan Allah`ın sözüdür.

Kainatın sonu və Big Crunch

Kainatın yaradılışı əvvəlki mövzuda bildirdiyimiz kimi, Big Bang adlandırılan böyük partlayışla başlamış və o zamandan bəri kainat genişlənir. Elm adamları kainatın kütləsinin lazımi miqdara çatdıqda cazibə qüvvələri səbəbi ilə bu genişlənmənin dayanacağını və nəticədə kainatın öz içinə çökərək büzüləcəyini bildirirlər. 3
big crunch
“Big Crunch” (Böyük büzülmə) nəzəriyyəsi “Big Bang”lə (Böyük partlayış) başlayaraq genişlənməkdə olan kainatın getdikcə sürətlənərək içəri çökəcəyini irəli sürən nəzəriyyədir.
Nəzəriyyəyə görə, kainatdakı bu tənəzzül kainatın bütün kütləsini itirib sonsuz sıxlıqdakı nöqtəyə dönməsinə qədər davam edəcək.
Büzülən kainatın sonda “Big Crunch” (Böyük çökmə) adlanan yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə məlum olan bütün həyat formalarının yox olması deməkdir. Stenford Universitetindən fizika professoru Renata Kalloş (Renata Kallosh) və Andrey Lind (Andrei Linde) bu barədə belə açıqlama verirlər:
Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlarda görmədiyimiz hər şey bir protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki qara dəliyin içindəyik kimi... Qara enerjinin ən yaxşı tərifi budur: mərhələ-mərhələ neqativləşən bu qara enerji kainatın müvazinətinin dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək... Fiziklər qara enerjinin neqativ enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini düşünürlər... Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat dövrəsinin ortasında ola bilərik.4
Big Crunch adlandırılan bu elmi fərziyyəyə Quranda belə işarə edilir:
Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.  (Ənbiya surəsi, 104)
Başqa bir ayədə isə göylərin bu vəziyyəti belə tərif edilir:
Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!  (Zumər surəsi, 67)
Big Crunch nəzəriyyəsinə görə, kainat əvvəl yavaş, lakin getdikcə sürətlənərək çökməyə başlayacaq. Bütün bunların ardınca kainat sonsuz sıxlıq və temperaturda sonsuz kiçikliyə malik nöqtəyə çevriləcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə uyğunluq təşkil edir (ən doğrusunu Allah bilir).

İsti tüstüdən yaradılış

Bu gün elm adamları ulduzların tüstüdən – isti qaz buludundan əmələ gəldiyini müşahidə edirlər. Kainat da isti qaz buludundan əmələ gəlib. Quranda da kainatın yaradılışı bu elmi kəşfləri təsdiq edir:
O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək vücuda gəldik!” – deyə cavab verdilər.  (Fussilət surəsi, 10-11)
Yuxarıdakı ayədə “göy” kimi tərcümə edilmiş “səma” sözü ilə bütün kainat nəzərdə tutulur. Ayədə “tüstü” kimi tərcümə edilmiş “duxanun” sözü də bu gün elm adamlarının qəbul etdiyi kimi, kainatın formalaşmasından əvvəlki maddəni – kainatın yaradılışındakı kosmik və isti tüstünü tərif edir. Bərk maddələrə bağlı uçan zərrəciklər ehtiva edən isti qaz halında kütlə olan bu tüstü ayədəki sözə uyğun gəlir. Göründüyü kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü tərif edən ən uyğun söz işlədilmişdir. Elm adamları da kainatın tüstü formasındakı isti qaz kütləsindən əmələ gəldiyini XX əsrdə kəşf ediblər. 5
Bundan əlavə, “Sonra Allah tüstü halında olan göyə üz tutdu” cümləsindəki “sonra” kimi tərcümə edilmiş “sümmə” sözünün “bundan başqa, üstəlik, yenə, bir də” kimi digər mənaları da var. Burada da “sümmə” sözü zamanı ifadə etmək üçün deyil, əlavə açıqlama kimi verilmişdir. 6 Kainatın yaradılışı ilə bağlı bu məlumatın Quranda bildirilməsi, şübhəsiz, Quranın elmi möcüzəsidir.

Göylərlə yerin bir-birindən ayrılması

Quranda göylərin yaradılışı haqqında başqa bir ayədə belə bildirilir:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?  (Ənbiya surəsi, 30)
Ayədə“bir-biri ilə bitişik” şəklində tərcümə edilmiş “ratq” sözü ərəbcə lüğətlərdə “bir-biri ilə iç-içə, ayrılmaz, qaynaşmış” mənalarını verir. Yəni bir bütün halında olan iki maddəni tərif etmək üçün bu sözdən istifadə edilir. Ayədəki “ayırdıq” sözü isə ərəbcə “fatq” felidir ki, bu fel bitişik vəziyyətdə olan bir cismi yarıb, parçalayıb çölə çıxması deməkdir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması ərəb dilində bu fellə ifadə edilir.
İndi ayəyə yenidən baxaq. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni “ratq” halında olduğundan bəhs edilir. Ardınca bu ikisi “fatq” feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də Big Bangin ilk anını düşündükdə, kainatın bütün maddəsinin bir nöqtədə toplandığını görürük. Başqa sözlə, hər şey, hətta hələ yaradılmamış göylər və yer də bu nöqtənin içində, bir-biri ilə iç-içə, ayrılmaz haldadırlar. Daha sonra bu nöqtə çox güclü partlayışla yarılıb ayrılır.

Göylərlə yer arasındakıların yaradılışı

Quranda göylərin, yerin və ikisinin arasındakıların yaradılışı ilə bağlı bir çox ayə var:
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, Sən gözəl tərzdə bağışla.  (Hicr surəsi, 85)
Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur.  (Taha surəsi, 6)
Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq.  (Ənbiya surəsi, 16)
evrenElm adamları başlanğıcda isti qaz kütləsinin sıxlaşdığını, sonra bu kütlənin parçalara ayrılaraq qalaktik maddələri, daha sonra ulduzları və planetləri əmələ gətirdiyini deyirlər. Başqa sözlə, Yer və eyni zamanda, bütün ulduzlar birləşmiş qaz kütləsindən ayrılmış hissələrdir. Bu parçalardan bir qismi günəşləri, planetləri meydana gətirmiş, beləliklə, çoxlu Günəş sistemləri və qalaktikalar əmələ gəlmişdir. Əvvəlki bölmələrdə də açıqladığımız kimi, kainat “ratq” (bir-birinə bitişik) halda ikən“fatq” olmuşdur (parçalara ayrılmışdır). Quranda kainatın əmələ gəlməsinin izahı elmi açıqlamaları təsdiqləyir. 7
Hər bölünmə, ayrılma olduqda kosmosda yeni əmələ gələn əsas cisimlərdən başqa bir neçə hissə kənarda qalmışdır. Bu artıq hissələrin elmi adı “ulduzlararası qalaktik maddə”dir. Ulduzlararası maddə 60% hidrogen, 38% helium və 2% digər elementlərdən ibarətdir. Ulduzlararası maddənin 99%-i qaz, 1%-i də ağır elementlərin diametri 0, 0001-0, 001 olan toz zərrəciklərindən təşkil olunmuşdur. 8
Elm adamları bu maddələri astrofizik ölçülər baxımından daha mühüm hesab edirlər. Bu maddələr toz, tüstü və ya qaz kimi dəyərləndiriləcək qədər incədirlər. Ancaq bu maddələrin hamısı birlikdə kainatdakı qalaktikaların cəmindən daha artıq kütləyə malikdir. Ulduzlararası bu qalaktik maddələrin varlığı ilk dəfə 1920-ci ildə kəşf edildiyinə baxmayaraq, yuxarıdakı ayələrdə “onların arasında nə varsa” kimi tərcümə edilmiş “mə bəynəhuma” ifadəsi ilə Quranda bu parçaların varlığına əsrlər əvvəl diqqət çəkilmişdir.

Kainatdakı mükəmməl müvazinət

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!  (Mülk surəsi, 3-4)
Kainatdakı milyardlarla ulduz və qalaktika mükəmməl uyğunluq içində onlar üçün müəyyən edilmiş orbitlərində hərəkət edirlər. Ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə dövr edirlər. Hətta bəzən içində 200-300 milyard ulduz olan qalaktikalar bir-birinin içindən keçib gedirlər. Lakin bu zaman kainatdakı böyük nizamı pozan hər hansı toqquşma baş vermir.
Kainatdakı sürət anlayışı Yer kürəsinə uyğun ölçülərlə müqayisədə ağlasığmaz ölçüdədir. Milyard, trilyon tonlarla çəkisi olan ulduzlar, planetlər və ancaq riyaziyyatçıların anladığı dəyərlərə malik qalaktikalar və qalaktika topaları kosmosda qeyri-adi sürətlə hərəkət edirlər.
Məsələn, Yer saatda 1670 km sürətlə öz oxu ətrafında fırlanır. Ən sürətli güllənin saatda 1800 km sürətə malik olduğunu düşünsək, Yerin nəhəng ölçüsünə baxmayaraq, sürətinin nə qədər böyük olduğu məlum olur.
Yerin Günəş ətrafındakı sürəti isə güllənin sürətindən 60 dəfə çoxdur: saatda 108.000 km (bu sürətdə nəqliyyat növü icad edilsəydi, Yerin ətrafını 22 dəqiqədə dolanardı). Bu ölçülər sadəcə Yer kürəsinə aiddir. Günəş sistemi isə daha maraqlıdır. Bu sistemin sürəti məntiq hüdudlarını aşır. Kainatdakı sistemlər böyüdükcə sürət artır. Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti saatda 720.000 km-dir. İçində təqribən 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti isə saatda 950.000 km-dir.
Şübhəsiz, bu cür mürəkkəb və sürətli sistemin içində nəhəng qəzaların baş vermə ehtimalı çoxdur. Ancaq bu baş vermir və biz təhlükəsiz şəkildə həyatımıza davam edirik. Çünki kainatdakı hər şey Allah`ın qoyduğu qüsursuz nizama əsasən işləyir. Elə bu səbəbdən, ayədə bildirildiyi kimi, bütün bu sistemin içində heç bir ziddiyyət yoxdur.

Kainatdakı incə əyar

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!  (Mülk surəsi, 3-4)
Məgər Allah`ın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?  (Nuh surəsi, 15)
O Allah ki, göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir.  (Furqan surəsi, 2)
Materialist fəlsəfə kainatdakı və təbiətdəki bütün sistemlərin öz-özünə işləyən cihaz olduğunu və bunlardakı qüsursuz nizam və müvazinəti yaradanını təsadüflər olduğunu irəli sürür. Ancaq dövrümüzdə materializmin və onun “elmi” təməli olan darvinizmin əsassızlığı elmi cəhətdən sübut edilmişdir (bax: Harun Yahya, Evrim aldatmacası, Araştırma yayıncılık, Harun Yahya, Hayatın gerçek kökeni, Araştırma yayıncılık).
XX əsrdə bir-birinin ardınca edilən elmi kəşflər həm astrofizika, həm də biologiya sahəsində kainatın və canlıların yaradıldığını sübut etdi. Bir tərəfdən darvinizmin təməlləri çökərkən digər tərəfdən də kainatın yoxdan yaradıldığını sübut edən Big Bang nəzəriyyəsi və maddi dünyada böyük dizayn və həssas ölçü (fine tuning) olduğunu aşkar edən kəşflər materializmin iddialarının əsassızlığını bir daha göstərdi.
Həyatın əmələ gəlməsi üçün lazım olan şərtlərə baxdıqda təkcə Yerin bu cür xüsusi mühitə malik olduğunu görürük. Həyat üçün əlverişli olan bu mühiti təmin etmək üçün saysız-hesabsız şərt eyni anda, daima mövcud olmalıdır. Kainatda təqribən 100 milyard qalaktika və hər birində təxminən 100 milyard ulduz və bir o qədər planet olduğunu düşünsək, Yerdə bu qədər müstəsna mühitin əmələ gəlməsinin əhəmiyyəti məlum olar. 9
Big Bangin partlayış sürətindən atomların fiziki müvazinətlərinə, dörd əsas qüvvənin nisbətindən ulduzlardakı kimyəvi proseslərə, Günəşin yaydığı işığın növündən suyun axıcılıq dəyərinə, Ayla Yer arasındakı məsafədən atmosferdəki qazların nisbətinə, Yer ilə Günəş arasındakı məsafədən Yerin oxunun mailliyinə, Yerin öz oxu ətrafında fırlanma sürətindən Yerdəki okeanların dağların funksiyalarına qədər hər detal bizim həyatımız üçün uyğundur. Bu gün elm dünyası kainatın bu xüsusiyyətlərini antropik prinsip (Anthropic Principle) və incə ölçü (fine tuning) anlayışları ilə ifadə edir. Bu anlayışlar kainatın məqsədsiz, nəzarətsiz, təsadüfi maddə yığını olmadığını, əksinə, insanın həyatı üçün, xüsusi məqsədlə, həssas şəkildə dizayn edildiyini göstərir.
Yuxarıdakı ayələrdə Allah`ın yaratmasındakı ölçü və ahəngə diqqət çəkilir. “Furqan” surəsinin 2-ci ayəsində ölçüb-biçmək, nizamlamaq, ölçü ilə etmək mənasını verən “təqdir” sözü, “Mülk” surəsinin 3-cü ayəsi ilə “Nuh” surəsinin 15-ci ayəsində isə “uyğunluq” mənasını verən “tibaqa” sözü işlədilmişdir. Bundan əlavə, Allah “Mülk” surəsində ixtilaf, ziddiyyət, uyğunsuzluq, nizamsızlıq mənalarını verən “təfavutin” sözü ilə uyğunsuzluq axtaranın ziddiyyət tapmayacağını bildirir.
XX əsrin sonlarına doğru işlədilməyə başlayan həssas ölçü (fine tuning) ifadəsi bu ayələrdə bildirilən həqiqəti təsdiq edir. Son 20-30 il ərzində bir çox elm adamı kainatın təsadüflər yığını olmadığını, əksinə, hər detalda insanın həyatına xidmət edən dizayn və nizam olduğunu göstərdi (bax: Harun Yahya, Evrenin yaratılışı, Araştırma Yayıncılık; Harun Yahya, Mucizeler zinciri, Araştırma Yayıncılık). Kainatdakı bir çox xüsusiyyət kainatın həyat üçün xüsusi dizayn olunduğunu göstərir. Fizik dr. Karl Gibeson bu həqiqəti belə ifadə edir:
Son 40 ildir ki, fizika və kosmologiyadakı irəliləyişlər elmi lüğətə dizayn sözünü geri qaytardı. 1960-cı illərin əvvəlində fiziklər insan həyatı üçün “həssaslıqla nizamlanmış” kainatın örtüyünü açdılar. Həyatın kainatdakı labüd və qüsursuz müvazinətə malik amillərlə bağlı olduğunu kəşf etdilər. 10
İngilis astrofizik prof. Corc F. Ellis (George F. Ellis) bu həssas ölçüdən belə bəhs edir:
(Kainatdakı) bu kompleksliyi mümkün edən qanunlarda heyrətamiz həssas ölçü görünür. Kainatda mövcud olan bu kompleksliyi möcüzə sözü ilə belə tərif etmək çox çətindir. 11

Big Bangin partlayış sürəti

Kainatın əmələgəlmə anı olan Big Bangdə qurulan tarazlıqlar kainatın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərən dəlillərdən biridir. Avstraliyadakı Adelaide Universitetindən məşhur riyazi fizika professoru Pol Deyvisin (Paul Deyvis) fikrincə, Big Bangin ardınca baş verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir faiz (1/1018) fərqli olsaydı, kainat meydana gəlməzdi. 12 Stefan Houkinq (Stephen Hawking) də “Zamanın qısa tarixi” adlı əsərində kainatın genişlənmə sürətindəki bu qeyri-adi müvazinəti belə qəbul edir:
Kainatın genişlənmə sürəti o qədər kritik nöqtədədir ki, əgər Big Bangdən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir daha az olsaydı, kainat indiki vəziyyətinə çatmadan içinə çökərdi. 13

Dörd qüvvə

Bu gün müasir fizikanın qəbul etdiyi dörd əsas qüvvənin – yerin cazibə qüvvəsi, elektromaqnit qüvvəsi, güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsi – qarşılıqlı əlaqəsi və müvazinəti sayəsində kainatdakı bütün fiziki hərəkətlər və formalar meydana gəlir. Bu qüvvələr bir-birilərindən həddindən artıq fərqli ölçülərə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton (Michael Denton) bu qüvvələr arasındakı həssas müvazinəti belə açıqlayır:
Əgər yerin cazibə qüvvəsi bir trilyon dəfə güclü olsaydı, onda kainat daha kiçik olardı və ömrü də daha qısa davam edərdi. Orta ölçülü bir ulduzun kütləsi hal-hazırkı Günəşin kütləsindən bir trilyon dəfə kiçik olar və bir il yaşayardı. Digər tərəfdən, əgər yerin cazibə qüvvəsi bir az zəif olsaydı, heç bir ulduz və ya qalaktika əsla əmələ gəlməzdi. Digər qüvvələr arasındakı tarazlıqlar da çox həssasdır. Əgər güclü nüvə qüvvəsi bir az zəif olsaydı, onda kainatdakı yeganə sabit element hidrogen olardı. Başqa heç bir atom olmazdı. Əgər güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən bir az güclü olsaydı, onda da kainatdakı yeganə sabit element nüvəsində iki proton olan bir atom olardı. Bu vəziyyətdə kainatda heç bir hidrogen olmaz və ulduzlar, qalaktikalar əmələ gəlsələr də, hal-hazırkı formalarından çox fərqli olardılar. Açıq desəm, əgər bu əsas qüvvələr və amillərin hal-hazırkı tam dəyərləri olmasa, heç bir ulduz, supernova, planet və atom olmazdı. Həyat da olmazdı. 14

Göy cisimlərinin arasındakı məsafələr

Göy cisimlərinin kosmosdakı yeri və aralarındakı nəhəng boşluqlar Yerdə canlı həyat üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyata dəstək olan bir çox universal qüvvə ilə uyğunluq içində nizamlanıblar. Maykl Denton “Təbiətin taleyi” (Nature’s Destiny) adlı kitabında supernovalar və ulduzlar arasındakı məsafədəki tarazlıqları belə açıqlayır:
Supernovalar və əslində, bütün ulduzlar arasındakı məsafələr çox kritik məsələdir. Qalaktikamızda ulduzlar arasındakı məsafə 30 milyon mildir. Əgər bu məsafə daha çox olsaydı, bir supernovanın yaydığı maddə o qədər səpələnərdi ki, bizim qalaktikamıza bənzər sistemlər əsla əmələ gəlməzdi. Əgər kainat həyat üçün uyğun məkan olacaqsa, supernova partlayışları müəyyən ölçüdə baş verməli və bu partlayışlar digər bütün ulduzlar arasındakı məsafə ölçülü müəyyən ölçüyə tabe olmalıdır. Bu məsafə məhz indiki mövcud məsafədir. 15

Yerin cazibə qüvvəsi

• Əgər daha güclü olsaydı, dünyanın atmosferi həddindən artıq ammonyak və metan ehtiva edər, bu da həyatı qeyri-mümkün edərdi.
• Əgər daha zəif olsaydı, dünyanın atmosferi çox su itirər, yenə həyat qeyri-mümkün olardı.

Günəşlə Yer arasındakı məsafə:

• Əgər daha uzaq olsaydı, planetimiz çox soyuyar, atmosferdəki su dövranına mənfi təsir edər və planetdə buzlaşma baş verərdi.
• Əgər daha yaxın olsaydı, planet yanar, atmosferdəki su dövranına mənfi təsir edər və həyat qeyri-mümkün olardı.

Yer qabığının qalınlığı:

• Əgər daha qalın olsaydı, atmosferdən Yer qabığına daha çox oksigen ötürülərdi.
• Əgər daha nazik olsaydı, həyatı qeyri-mümkün edən çoxlu sayda vulkanik hərəkətlər olardı.

Yerin öz oxu ətrafında fırlanma sürəti

• Əgər daha yavaş olsaydı, gecə-gündüz arasındakı temperatur fərqi çox yüksək olardı.
• Əgər daha sürətli olsaydı, atmosfer küləkləri çox sürətli olar, qasırğalar və tufanlar həyatı qeyri-mümkün edərdi.

Yerin maqnit sahəsi:

• Əgər daha güclü olsaydı, çox güclü elektromaqnit fırtınaları olardı.
• Əgər daha zəif olsaydı, günəş küləyi adlanan və Günəşdən yayılan zərərli zərrəciklərə qarşı Yerin müdafiə qatı olmazdı. Hər iki halda, həyat mümkün olmazdı.

Albedo təsiri (Yer üzü tərəfindən udulmayan, əks olunan günəş işığı):

• Əgər daha çox olsaydı, sürətlə buzlaşma baş verərdi.
• Əgər daha az olsaydı, istixana effekti isinməyə səbəb olar, əvvəlcə aysberqlərin əriməsi ilə Yeri su basar, daha sonra Yer yanardı.

Atmosferdəki oksigen və azot nisbəti:

• Əgər daha çox olsaydı, həyati funksiyalar sürətlənər və mənfi təsir edərdi.
• Əgər daha az olsaydı, həyati funksiyalar zəifləyərdi.

Atmosferdəki karbondioksid və su nisbəti:

• Əgər daha çox olsaydı, atmosfer çox isinərdi.
• Əgər daha az olsaydı, atmosferin temperaturu aşağı düşərdi.

Ozon təbəqəsinin qalınlığı:

• Əgər daha çox olsaydı, Yer üzünün temperaturu çox düşərdi.
• Əgər daha az olsaydı, Yer üzü həddindən artıq isinər, Günəşdən gələn zərərli ultrabənövşəyi şüalara qarşı müdafiə olmazdı.

Seysmik hərəkətlər (zəlzələlər):

• Əgər daha çox olsaydı, canlılar məhv olardı.
• Əgər daha az olsaydı, okeanın dibindəki qida maddələri suya qarışmaz, bu, okean və dənizlərdəki həyata, eləcə də yer üzünün bütün canlılarına mənfi təsir edərdi.

Yerin oxunun mailliyi

Yerin oxu orbitinə 23 dərəcə mailidir. Fəsillər bu maillik nəticəsinə əmələ gəlir. Bu maillik indiki dəyərindən daha çox və ya daha az olsaydı, fəsillər arasındakı temperatur fərqi həddindən artıq olduğuna görə, yer üzündə yaz çox qızmar və qış çox şaxtalı olardı.

Günəşin ölçüsü:

Günəşin yerində daha kiçik ulduzun olması Yerin həddindən artıq soyumasına, böyük ulduzun olması isə Yerin istidən yanmasına səbəb olardı.

Ay ilə Yer arasındakı cazibə qüvvəsi:

• Əgər daha çox olsaydı, Ayın güclü cazibə qüvvəsi atmosferə, Yerin öz oxu ətrafındakı fırlanma sürətinə və okeanlardakı qabarma-çəkilmələrə çox güclü təsir edərdi.
• Əgər daha az olsaydı, güclü iqlim dəyişikliklərinə səbəb olardı.

Ay ilə Yer arasındakı məsafə:

• Əgər daha yaxın olsaydı, Ay Yerlə toqquşardı.
• Əgər daha uzaq olsaydı, Ay kosmosda itib gedərdi.
• Əgər indikindən bir az uzaq olsaydı, Ayın Yer üzündə meydana gətirdiyi qabarma-çəkilmələr təhlükəli ölçülərdə olardı. Okean dalğaları qitələrin alçaq yerlərini örtərdi. Nəticədə, üzə çıxan sürtünmə okeanların temperaturunu artırar və Yerdə həyat üçün lazım olan həssas müvazinət yox olardı.
• Əgər indikindən bir az yaxın olsaydı, qabarma-çəkilmələr azalar və bu da okeanların daha hərəkətsiz olmasına səbəb olardı. Durğun su dənizlərdəki həyatı təhlükəyə salar və bununla nəfəs aldığımız havadakı oksigenin miqdarı da təhlükə ilə üzləşərdi. 16

Yerin temperaturu və karbon əsaslı həyat:

Həyatın əsası olan karbon elementinin varlığı müəyyən ölçüdə olan temperatura bağlıdır. Karbon amin turşusu, nuklein turşusu və zülallar kimi həyatı təşkil edən əsas üzvi molekullar üçün lazımlı maddədir. Ona görə, həyat ancaq karbon əsasında mövcud ola bilər və bunun üçün də mövcud temperatur ən az -200C, ən çox +1200C olmalıdır. Yerin temperaturu da məhz bu intervaldadır.
Burada sadalananlar Yerdə həyatın əmələ gəlməsi və davam etməsi üçün lazım olan çox həssas müvazinətlərin bir neçəsidir. Ancaq burada sadalananlar belə kainatın və Yerin təsadüflər nəticəsində, təsadüfi hadisələrin ard-arda gəlməsi ilə əmələ gəlmədiyini qəti sübut etmək üçün kifayətdir. XX əsrdə istifadə edilməyə başlayan incə ölçü, antropik prinsip anlayışları Quranda əsrlər əvvəl bildirilmiş ahəng və ölçü ilə yaradılışı təsdiq edir.

Qeydlər

1. S. Waqar Ahmed Husaini, The Quran for Astronomy and Earth Exploration from Space, Goodword Press, 3-cü nəşr, New Delhi, 1999, səh. 103-108. 
2. http://www. time. com/time/time100/scientist/profile/hubble. html 
3. Philip Ball, "Black Crunch Jams Universal Cycle", Nature, 23 dekabr 2002; Dr. David Whitehouse, "Universe is 'doomed to collapse'", BBC News Online, 22 oktyabr 2002, http://news. bbc. co. uk/1/hi/sci/tech/2346907. stm; Mark Schwartz, "Cosmic 'big crunch' could trigger an early demise of our universe", Stanford Report, 25 sentyabr 2002. 
4. Mark Schwartz, "Cosmic 'big crunch' could trigger an early demise of our universe", Stanford Report, 25 sentyabr 2002. 
5. Mahdi La'li, A Comprehensive Exploration of the Scientific Mireacles in Holy Qur'an, Trafford, Kanada, 2003, səh. 35-38. 
6- Ebu'l-A'lâ Mevdûdî, Tefhimu'l Kur'an; http://www. enfal. de/tefhim/) 
7. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, səh. 53. 
8. Meyers Lexikon in drei Bänden Bibliographisches Institut & F. A. Brockhaus AG, Mannheim 1995, Digitale Ausgabe LexiRom. 
9. Carl Sagan, Cosmos, Wings Books, ABD, 1980, səh. 5-7. 
10. K. Giberson, "The Anthropic Principle", Journal of Interdisciplinary Studies, 9-cu cild, 1997, səh. 63-90, Steven Yates'den cevap, səh. 91-104. 
11. F. Bertola, U. Curi, The Anthropic Principle: Laws and Environments, Cambridge University Press, 1993, səh. 30. 
12. Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, səh. 184. 
13. Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London, 1988, səh. 121-125. 
14. Michael Denton, Nature's Destiny, The Free Press, New York, 1998, səh. 12-13. 
15. Michael J. Denton, Nature's Destiny, The Free Press, New York, 1998, səh. 11. 
16. http://www. pathlights. com/ce_encyclopedia/01-ma10. htm#Elemental Forces 

Hiç yorum yok:

Yorum Gönder