İkinci fəsil
Quran möcüzələri
Günəş, ay və ulduzların quruluşundakı fərq
Üstünüzdə yeddi möhkəm (göy) qurduq və çox parlaq bir çıraq (Günəş) yaratdıq. (Nəbə surəsi, 12-13)
Məlumdur ki, Günəş, Günəş sistemindəki yeganə işıq mənbəyidir. Texnoloji imkanların artması ilə astronomlar Ayın işıq mənbəyi olmadığını, sadəcə Günəşdən gələn işığı əks etdirdiyini kəşf ediblər. Yuxarıdakı ayədə işlədilən “çıraq” sözü də ərəbcə istilik və işıq mənbəyi olan Günəşi ən mükəmməl şəkildə tərif edən“sirac” kəlməsidir.
Allah Quranda Ay, Günəş və ulduzlar kimi göy cisimlərindən bəhs edərkən müxtəlif sözlərdən istifadə edir. Günəş və Ay arasındakı fərq Quranda belə təsvir edilmişdir:
Orada ayı bir nur, günəşi də bir çıraq etdi. (Nuh surəsi, 16)
Yuxarıdakı ayədə Ay haqqında işıq (ərəbcə “nur”), Günəş haqqında isə çıraq (ərəbcə “sirac”) sözləri işlədilmişdir. Bu sözlərdən Ay haqqında deyilən “nur” sözü işığı əks etdirən, parlaq, hərəkətsiz kütləni ifadə edir. Günəş haqqındakı “sirac” sözü isə daima yanan, istilik və işıq mənbəyi, göydəki forma mənasını verir.
Digər tərəfdən, ulduz sözü ərəbcə üzə çıxan, görünən mənalarını verən “nəcəmə” kökündən törəmişdir. Bundan əlavə, ulduz aşağıdakı ayədəki kimi işığı ilə qaranlıqları yaran, parıldayan, öz-özünü tükəndirən və yanan mənalarını verən “saqib” sözü ilə ifadə edilmişdir:
(O, zülməti yaran) parlaq ulduzdur! (Tariq surəsi, 3)
Dövrümüzdə Ayın öz işığını yaymadığı, Günəşdən gələn işığı əks etdirdiyi məlumdur. Günəş və ulduzların isə öz işıqlarını yaydığını bilirik. Quranda bu həqiqətlər insanların göy cisimləri ilə bağlı məlumatlarının çox məhdud olduğu dövrdə, yəni 14 əsr əvvəl bildirilmişdir.
Orbitlər və dövr edən kainat
Kainatdakı böyük müvazinətin ən mühüm səbəblərindən biri, şübhəsiz, göy cisimlərinin müəyyən orbitlərdə hərəkət etməsidir. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də aid olduqları sistemlə birlikdə fırlanır. Kainat eynilə bir fabrikin dişli çarxları kimi incə nizam içində işləyir.
Kainatın gördüyümüz qismində 100 milyarddan çox qalaktika mövcuddur və kiçik qalaktikalarda təxminən bir milyard, böyük qalaktikalarda isə trilyondan çox ulduz mövcuddur. 17 Bu ulduzların çoxunun planetləri, bu planetlərin də peykləri var. Bütün bu göy cisimlərinin çox incə hesablara malik orbitləri var və milyon illərlə hər biri öz orbitində digərləri ilə qüsursuz uyğunluq və nizam içində hərəkət edir. Bunlardan əlavə, bir çox quyruqlu ulduz da onlar üçün müəyyən edilmiş orbitdə üzür.
Kainatdakı orbitlər ancaq bəzi göy cisimlərinə aid deyil. Günəş sistemi, hətta digər qalaktikalar başqa mərkəzlər ətrafında da hərəkət edir. Yer və onunla birlikdə Günəş sistemi hər il əvvəlki yerindən 500 milyon km uzaqlaşır. Göy cisimlərinin orbitlərindəki ən azacıq əyrilik sistemi alt-üst edəcək qədər təhlükəlidir. Məsələn, Yerin orbitində 3 mm artıq və ya əksik əyilmənin hansı nəticələr verəcəyi bir mənbədə belə tərif edilmişdir:
Yer Günəşin ətrafında dövr edərkən elə orbit çəkir ki, hər 18 mildən bir 2.8 mm içəriyə əyilir. Yerin bu orbiti zərrə qədər dəyişmir, çünki orbitdən 3 mm-lik əyilmə belə böyük fəlakətlərə səbəb olardı: əyilmə 2.8 mm əvəzinə 2.5 mm olsaydı, orbit çox geniş olar və donardıq. Əyilmə 3.1 mm olsaydı, hamımız yanaraq ölərdik.18
Göy cisimlərinin digər xüsusiyyəti də orbitlərindən əlavə, həm də öz oxları ətrafında dövr etməsidir. Quranda “And olsun qayıdan göyə!” (Tariq surəsi, 11) ayəsi isə məhz bu həqiqətə işarə edir. Əlbəttə, Quranın nazil edildiyi dövrdə bəşəriyyət dövrümüzdəki kimi kosmosu milyon kilometrlərlə uzaq məsafələri müşahidə edən teleskoplara, qabaqcıl müşahidə texnologiyalarına, müasir fizika və astronomiya biliyinə malik deyildi. Ona görə, kosmosda“yolları olan göyə and olsun ki” (Zəriyət surəsi, 7) ayəsində bildirildiyi kimi orbitlər olduğunu o dövrdə elmi cəhətdən aşkar etmək qeyri-mümkün idi. Ancaq o dövrdə nazil edilmiş Qurani-kərimdə bu həqiqət bizə açıq şəkildə xəbər verilmişdir, çünki Quran Allah`ın sözüdür.
Günəşin hərəkət istiqaməti
Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin öz orbiti olduğu vurğulanır:
Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 33)
Yuxarıdakı ayədə işlədilən “üzmək” sözü ərəbcə “səbaha”dır və Günəşin kosmosdakı hərəkətini izah etmək üçün istifadə edilmişdir. Bu söz Günəşin kosmosda hərəkət edərkən nəzarətsiz olmadığını, öz oxu ətrafında dövr etdiyini və müəyyən marşrutunun olduğunu ifadə edir. Günəşin sabit olmadığı, öz orbitində hərəkət etdiyi başqa bir ayədə belə bildirilir:
Günəş özü üçün müəyyən olunmuş yerdə axıb gedər. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah`ın təqdiridir. (Yasin surəsi, 38)
Quranda bildirilən bu həqiqətlər ancaq dövrümüzdəki astronomik müşahidələrlə aşkar edilmişdir. Astronomların hesablamalarına görə, Günəş “Solar Apex” adlanan orbit boyu Veqa ulduzuna doğru saatda 720.000 km sürətlə hərəkət edir. Bu hesablama Günəşin gündə 17 milyon 280 min km yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə qüvvəsinə tabe olan bütün planetlər və onların peykləri də eyni məsafəni qət edirlər.
Ayın orbiti
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 39-40)
Ayın orbiti digər planetlərin peykləri kimi düz deyil. Ay orbitində hərəkət edərkən bəzən Yerin önünə, bəzən də arxasına keçir. Eyni zamanda, Yer ilə birlikdə Günəşin ətrafında da dövr etdiyinə görə, kosmosda “S” hərfi şəklində orbit cızır. Ayın kosmosdakı orbitinin forması Quranda “xurma ağacının qurumuş əyri budağı kimi olar” ifadəsi ilə tərif edildiyi kimi, qurumuş əyri xurma budağına çox bənzəyir. Belə ki, ayədəki “urcun” sözünün mənası quruyub incəlmiş, bükülmüş xurma budağıdır və xurma ağacının meyvələri toplandıqdan sonra meyvəsiz budağa deyilir. Bu budağın “qurumuş” sözü ilə ifadə edilməsi də çox hikmətlidir, çünki qurumuş xurma budağı daha nazik və əyri olur.
Şübhəsiz, 1400 il əvvəl Ayın orbiti haqqında məlumat yox idi. Dövrümüzdəki texnologiya və biliklə aşkar edilmiş bu faktın Quranda bu cür qüsursuz bənzətmə ilə bildirilməsi Quranın başqa bir elmi möcüzəsidir.
Ay ilinin hesablanması
Günəşi işıqlı (parlaq), ayı nurlu edən,illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər! (Yunis surəsi, 5)
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. (Yasin surəsi, 39)
Yuxarıdakı ayədə Allah Ayın insanlar üçün ili hesablamaqda bir ölçü olduğunu açıq şəkildə bildirmişdir. Bundan əlavə, Ayın orbitində dövrü əsnasında dayanacaq nöqtələrinə də diqqət çəkilmişdir. Yer-Ay və Yer-Günəş hərəkətləri arasındakı bucaq daima dəyişdiyinə görə, biz Ayı müxtəlif vaxtlarda müxtəlif formalarda görürük. Habelə, Ayı Günəşdən aldığı işığı əks etdirməsi ilə görürük. Ayın Günəşlə aydınlanan üzü Yerdəki müşahidəçiyə görə daima formasını dəyişir. Bu dəyişiklikləri nəzərə alaraq il hesablanır.
Əvvəllər bir ay insanlar tərəfindən iki bədirlənmiş ay arasındakı vaxt və ya Ayın Yer ətrafında dövr etdiyi vaxt kimi hesablanırdı. Bu hesablamaya əsasən, 1 ay 29 gün 12 saat, 44 dəqiqəyə bərabər idi. Buna “qəməri ay” deyilir. 12 qəməri ay isə rum təqviminə görə 1 il edir. Ancaq Yerin Günəş ətrafındakı fırlanmasının 1 il kimi qəbul etdiyimiz miladi təqvim ilə rum təqvimi arasında hər il 11 günlük fərq meydana gəlir. Belə ki, “Kəhf” surəsinin 25-ci ayəsində bu fərqə belə diqqət çəkilmişdir:
Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar. (Kəhf surəsi, 25)
Ayəni belə açıqlamaq olar: 300 il x 11 gün (hər il üçün meydana gələn fərq) = 3.300 gün. 1 Günəş işinin 365 gün 5 saat 48 dəqiqə və 45.5 saniyə olduğu nəzərə alınsa, 3.300 gün/365.24 gün = 9 ildir. Başqa sözlə, miladi təqvimə görə 300 il rum təqviminə görə 300+9 ildir. Göründüyü kimi, ayədə dəqiq hesablamaya əsaslanan 9 illik fərqə diqqət çəkilmişdir (ən doğrusunu Allah bilir). Şübhəsiz, Quranda bu cür məlumata diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir.
Yerin cazibə qüvvəsi və orbit hərəkətləri
And içirəm yanıb sönən ulduzlara; Seyr edib gizlənən səyyarələrə; (Təkvir surəsi, 15-16)
Təkvir” surəsinin 15-ci ayəsində işlədilən “xunnəs” sözünün büzülmək, geriləmək, geri qayıtmaq kimi mənaları var. 16-cı ayədə “seyr edib gizlənən”kimi tərcümə edilmiş söz isə ərəbcə“kunnəs”dir. “Kənis” sözünün cəm halı olan “kunnəs” ifadəsi müəyyən marşrut, yuvaya girmə, hərəkət edən cismin yuvası, yuvasına girib gizlənənlər mənalarını verir. 16-cı ayədəki “seyr edən” sözü isə cərəyan kökündən törəyən və seyr edib gedən mənasını verən“cariyə” sözünün cəm halı olan “cəvar”dır. Bu sözlərin mənalarını nəzərə aldıqda, planetlərin cazibə qüvvələri və orbitlərindəki hərəkətlərə işarə edildiyini söyləmək olar.
Yuxarıdakı ayələrdə işlədilmiş bu sözlər cazibə qüvvələrinin səbəb olduğu orbit hərəkətlərini tam tərif edir. Bunlardan “xunnəs” sözü ilə planetlərin istər öz nüvələrinə doğru, istərsə də Günəş sisteminin mərkəzi olan Günəşə doğru cəzb edilməsinə diqqət çəkilir (ən doğrusunu Allah bilir). Cazibə qüvvəsi kainatdakı yeganə qüvvədir, ancaq bu cazibə qüvvəsini XVII-XVIII əsrlərdə yaşamış İsaak Nyuton (Isaac Newton) riyazi formullarla sübut etmişdir. Növbəti ayədə işlədilmiş “əl-cəvari” sözü də bu cazibə qüvvəsinə müqavimət göstərən mərkəzdənqaçma qüvvəsindən qaynaqlanan orbit hərəkətlərinə işarə edir. Şübhəsiz, “seyr edən” mənasını verən “əl-cəvari” sözünün “xunnəs” (mərkəzə doğru çəkilmə, büzülmə) və “kunnəs” (marşrut, yuvaya girmə, hərəkət edən cismin yuvası) sözləri ilə birlikdə işlədilməsi 1400 il əvvəl aşkarlanması qeyri-mümkün olan elmi fakta diqqət çəkir (ən doğrusunu Allah bilir). Bundan əlavə, Quranda and içilən bu ayələr məsələnin əhəmiyyətinə diqqət çəkən başqa bir işarədir.
Yerin kürəvi forması
O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür… (Zumər surəsi, 5)
Unutmaq olmaz ki, o dövrdə Yer haqqında fərqli fikirlər mövcud idi. Yerin müstəvi formada olduğunu düşünür və bütün elmi hesablama və açıqlamalar da buna əsasən edilirdi. Ancaq Quran Allah`ın sözü olduğu üçün kainatı tərif edərkən ən ideal sözlərdən istifadə olunmuşdur. Quran ayələrində bizə hələ yaxın keçmişdə öyrəndiyimiz bu məlumatlar 1400 il əvvəldən xəbər verilir.
Yerin dövr etmə istiqaməti
Sən dağlara baxıb onları donmuş zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)
“Nəml” surəsindəki ayədə Yerin təkcə fırlanması deyil, fırlanma istiqaməti də vurğulanır. 3500-4000 metr hündürlükdə olan bulud topaları qərbdən şərqə hərəkət edir. Hava proqnozu üçün qərbdəki vəziyyətə baxılmasının səbəbi də budur. 19
Bulud topalarının qərbdən şərqə doğru hərəkətinin əsas səbəbi Yerin fırlanma istiqamətidir. Dövrümüzdə məlum olduğu kimi, Yer qərbdən şərqə doğru fırlanır. Elmin yaxın keçmişdə aşkar etdiyi bu elmi həqiqət Quranda əsrlər əvvəl xəbər verilmişdi ki, həmin dövrdə Yerin yastı olduğu, öküzün başı üstündə sabit dayandığı düşünülürdü.
Yerin geoid forması
Bundan sonra da yeri döşədi. (Naziat surəsi, 30)
Yuxarıdakı ayədə “döşədi” kimi tərcümə edilmiş “dəha” sözü yaymaq mənasını verən “dəhv” kökündəndir. “Dəhv” sözü döşəmək, düzəltmək mənalarını versə də, daşıdığı məna baxımından bəsit döşəmək feli deyil. Bu söz yuvarlaq formada düzəltmək, döşəmək mənalarını ifadə etmək üçün işlədilir.
“Dəhv” sözündən törəmiş digər sözlər də yuvarlaqlıq mənasını daşıyır. Məsələn, uşaqların topu yerdəki çuxura salması, daş atıb çuxura salma yarışları, qozla oynanan uşaq oyunları “dəhv” sözü ilə ifadə edilir. Dəvəquşunun yuva qurması, yatacağı yerdəki daşları təmizləməsi, yumurtladığı yer və yumurtası da bu kökdən törəmiş sözlərlə ifadə olunur.
Belə ki, Yerin forması da yumurtanı xatırladır. Yerin qütblərdən basıq kürəvi forması geoid adlanır. Bu baxımdan ayədə “dəha” sözünün işlədilməsi Allah`ın Yer haqqında verdiyi mühüm məlumata işarə edir. İnsanların əsrlər əvvəl Yerin formasının düz olduğunu düşünməsi və həqiqi formasının ancaq texnoloji imkanlar nəticəsində müəyyən edilməsi Quranın Allah`ın vəhyi olduğunu göstərir.
Yerin və kosmosun ölçüləri
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. (Rəhman surəsi, 33)
Yuxarıdakı ayədə “hüdudları” kimi tərcümə edilmiş sözün ərəbcəsi “əqtar”dır. “Əqtar” ərəb dilində diametr mənasını verən “qütur” sözünün cəm halıdır və göylərin və yerin bir neçə diametri olduğunu bildirir. Ərəb dilində sözü istifadə formasına əsasən, tək və ya cəm (ikidən çox) və ya ikili formada işlədildiyini anlamaq mümkündür. Ona görə, bu sözün buradakı istifadə forması ilə - ikidən çox olduğunu ifadə edən cəm halı ilə başqa möcüzəvi məlumat verilir.
Məlum olduğu kimi, üç ölçülü cisim ancaq yastı kürəvi formaya malikdirsə, bir diametri ola bilər. Diametrlər ifadəsi isə yastı olmayan kürəvi formaya aiddir. Belə ki, ayədəki bu söz – diametrlər – Yerin geoid formasına işarə edir. Ayədə diqqət çəkən digər məsələ isə diametrlərdən bəhs edilərkən yerdən və göylərin ayrı qeyd edilməsidir.
Albert Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinə əsasən, kainat genişlənir. Lakin bu, qalaktikaların və digər göy cisimlərinin kosmosda ətrafa yayıldığını göstərmir. Bu, kosmosun genişləndiyinə və bu zaman qalaktikalar arasındakı məsafənin açıldığına işarə edir.
“Rəhman” surəsinin 33-cü ayəsində işlədilən “göylərin hüdudları” ifadəsi də kosmosun kürəvi formasına işarə edir (ən doğrusunu Allah bilir). Kosmosun müxtəlif yerlərindən diametrlər fərqli olduğu kimi, genişlənən kainatın diametrləri də daima dəyişəcəkdir. Bu baxımdan, ayədə diametr sözünün cəm halda istifadə edilməsi çox hikmətlidir və Quranın hər şeyi bilən Rəbbimizin vəhyi olduğunu göstərir.
Atmosferin təbəqələri
Quran ayələrində kainat haqqında verilən bir məlumatda göyün yeddi qatının olduğu bildirilir:
Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir! (Bəqərə surəsi, 29)
Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək vücuda gəldik!” – deyə cavab verdilər. Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi… (Fussilət surəsi, 11-12)
Quranda bir çox ayədə işlədilən “göy” sözü həm bütün kainatı, həm də səmanı ifadə etmək üçün istifadə edilir. Sözün bu mənasını düşündükdə, səmanın, başqa sözlə, atmosferin 7 təbəqədən ibarət olduğu nəticəsi ortaya çıxır.
Belə ki, bu gün Yerin atmosferinin üst-üstə müxtəlif təbəqələrdən ibarət olduğu məlumdur. 20Kimyəvi tərkibi və ya havanın temperaturuna əsasən, Yerin atmosferinin 7 təbəqədən ibarət olduğu aşkar edilmişdir. 21 Bu gün hələ də 48 saatlıq hava proqnozunda istifadə edilən və“Limited Fine Mesh Model” (LFMII) adlandırılan atmosfer modelinə əsasən, atmosfer 7 təbəqədən ibarətdir. Müasir geologiyada atmosferin 7 təbəqəsi aşağıdakılardır:
• Stratosfer
• Mezosfer
• Termosfer
• Ekzosfer
• İonosfer
• Maqnitosfer
Burada digər maraqlı cəhət isə “Fussilət” surəsinin 12-ci ayəsində işlədilən “O, hər bir göyün işini özünə vəhy edib bildirdi…” ifadəsidir. Yəni ayədə Allah`ın hər təbəqəni müəyyən funksiya ilə yaratdığı bildirilir. Yuxarıda sadaladığımız təbəqələrin hər birinin insanlar və yer üzünün bütün canlıları üçün həyati funksiyaları var. Yağışların əmələ gəlməsi, zərərli şüaların qarşısının alınması, radiodalğaların əks etdirilməsi, meteoritlərin zərərsizləşdirilməsi kimi hər təbəqənin özünəməxsus funksiyası var.
Aşağıdakı ayələrdə bizə atmosferin 7 təbəqəsinin görünüşü ilə bağlı məlumat verilir:
Məgər Allah`ın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? (Nuh surəsi, 15)
Yeddi göyü təbəqələr şəklində quran Odur... (Mülk surəsi, 3)
Bu ayələrdə Azərbaycan dilinə “təbəqə-təbəqə” kimi tərcümə edilmiş ərəbcə “tibaqan”, eyni zamanda, uyğunluq, bir şeyin özünə uyğun olan qapağı və örtüyü mənalarını da verir, üst təbəqənin alt təbəqəyə uyğunluğunu vurğulayır. Bu sözün cəm halı“təbəqə-təbəqə” mənasını verir. Ayədə tərif edilən “təbəqə-təbəqə göy”, şübhəsiz, atmosferi ən mükəmməl şəkildə açıqlayan ifadədir.
XX əsrin texnologiyası olmadan aşkar edilməsi heç cür mümkün olmayan bu məlumatların 1400 il əvvəl nazil edilmiş Qurani-kərimdə bildirilməsi isə böyük möcüzədir.
Qorunmuş tavan
Quranda Allah göy üzünün çox mühüm xüsusiyyətinə belə diqqət çəkir:
Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, (kafirlər) ayələrimizdən üz döndərdilər. (Ənbiya surəsi, 32)
Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir.
Yeri hər tərəfdən əhatə edən atmosfer həyat üçün çox mühüm funksiyaları yerinə yetirir. Yerə yaxınlaşan böyük və kiçik meteoritləri parçalayaraq məhv edir və onların Yerin səthinə düşərək canlılara zərər verməsinin qarşısını alır.
Atmosfer həm də kosmosdan gələn və canlılar üçün zərərli şüaları da süzür. Maraqlısı budur ki, atmosfer təkcə zərərsiz işıqları, yəni görünən işığı, infraqırmızı şüaları və radiodalğaları yer üzünə buraxır. Bunların hamısı həyat üçün lazımlıdır. Məsələn, atmosferin müəyyən miqdarda keçirdiyi ultrabənövşəyi şüalar bitkilərin fotosintez prosesini həyata keçirməsinə kömək edir. Günəşdən yayılan güclü ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yerin səthinə həyat üçün lazımlı olan az qismi gəlib çatır.
Atmosferin qoruyucu xüsusiyyəti bunlarla məhdudlaşmır. Yer kosmosun -270° dondurucu soyuğundan atmosfer sayəsində qorunur.
Yeri zərərli təsirlərdən qoruyan təkcə atmosfer deyil. Atmosferlə yanaşı, “Van Allen qurşaqları” adlanan və Yerin maqnetik sahəsi nəticəsində əmələ gələn təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini yerinə yetirir. Günəşdən və digər ulduzlardan yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez baş verən və “partlayış” adlanan enerji partlayışları Van Allen qurşaqları olmasa, dünyadakı bütün həyatı yox edər.
Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini dr. Hyu Ross (Hugh Ross) belə izah edir:
Yer Günəş sistemindəki planetlər arasında ən çox sıxlığa malikdir. Bu böyük nikel-dəmir nüvə, böyük maqnetik sahə əmələ gətirir. Bu maqnetik sahə Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat mümkün olmazdı. Maqnetik sahəsi olan və qayalıqlardan ibarət digər planet Merkuridir. Lakin bu maqnetik sahənin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi ancaq Yerə məxsusdur. 22
Keçən illərdə aparılmış hesablamalara əsasən, bir partlayış nəticəsində əmələ gələn enerji Xirosimaya atılan 100 milyard atom bombasına bərabərdir. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində ifrat hərəkətlər müşahidə olunmuş, Yerin atmosferinin 250 km üstündə temperatur birdən-birə 2500 0C-yə qalxmışdır.
Qısaca desək, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrə qarşı qoruyan mükəmməl sistem işləyir. Dünyanı əhatə edən göy üzünün bu qoruyucu qalxan xüsusiyyətini Allah bizə əsrlər əvvəl Quranda bildirmişdir.
Göy üzünün bina edilməsi
O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allah`a bilə-bilə şəriklər qoşmayın! (Bəqərə surəsi, 22)
Yuxarıdakı ayədə göy üzü tərif edilərkən ərəbcə “əssəmaə binaən” ifadəsi işlədilir. Bu söz qübbə, tavan mənaları ilə birlikdə, ərəb bədəviləri tərəfindən istifadə edilən çadıra bənzər örtüyü də tərif edir. 23 Sözügedən çadırabənzər forma ilə xarici amillərə qarşı bir növ müdafiə təmin edilməsi vurğulanır.
Biz fərqinə varmasaq da, digər planetlərdə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər əmələ gətirən bu meteoritlərin Yerə zərər verməməsinin səbəbi Yeri əhatə edən atmosferin meteoritlərə qarşı müqavimət göstərməsidir. Meteoritlər bu müqavimətə qarşı tab gətirmir və sürtünmə nəticəsində yanaraq kütləsini itirir. Beləliklə, böyük fəlakətlərə yol açan bu təhlükənin atmosfer sayəsində qarşısı alınır. Allah atmosferin yuxarıda bəhs etdiyimiz qoruyucu xüsusiyyəti ilə bağlı ayələrlə yanaşı, aşağıdakı ayədə də bu xüsusi yaradılışa diqqət çəkir:
Məgər Allah`ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Hac Suresi, 65)
Belə ki, əvvəlki bölmədə də bəhs etdiyimiz atmosferin qoruyucu xüsusiyyəti Yeri kosmosdan, yəni xarici amillərdən qoruyur. Yuxarıdakı ayələrdə göy üzü haqqında işlədilmiş “tavan” sözü ilə Peyğəmbərimizin (s.ə.v) dövründə göy üzünün məlum olmayan xüsusiyyətinə diqqət çəkilir. Bu məlumatların qabaqcıl texnologiyanın – kosmik cihazların, nəhəng teleskopların olmadığı 1400 il əvvəl Qurani-kərimdə xəbər verilməsi Quranın sonsuz elm sahibi Rəbbimizin vəhyi olduğunu göstərir.
Geri qaytaran göy
Qurani-kərimin “Tariq” surəsinin 11-ci ayəsində göy üzünün qaytaran xüsusiyyətindən belə bəhs edilir:
And olsun qayıdan göyə! (Tariq surəsi, 11)
Quran tərcümələrində “qayıdan” şəklində tərcümə edilən “rəci” sözü geri qaytaran mənalarını verir.
Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer bir neçə təbəqədən ibarətdir. Hər təbəqənin həyat üçün əhəmiyyətli funksiyası var. Təbəqələrdən hər biri gələn maddə və ya şüaları kosmosa və ya yer üzünə qaytarma xüsusiyyətinə malikdir. Burada atmosfer təbəqələrinin geri qaytarma xüsusiyyətini bir neçə nümunə ilə nəzərdən keçirək.
Yer səthindən 13-15 km hündürlükdə yerləşən troposfer təbəqəsi yer üzündən qalxan su buxarının sıxlaşıb yağış şəklində geri qayıtmasını təmin edir. 25 km hündürlükdə yerləşən stratosferin alt təbəqəsi olan ozonosfer kosmosdan gələn radiasiya və zərərli ultrabənövşəyi şüaları əks etdirərək yer üzünə çatmadan kosmosa geri qaytarır.
Atmosfer təbəqələrinin hələ yaxın keçmişdə kəşf edilmiş bu xüsusiyyətinin əsrlər əvvəl Quranda bildirilməsi Quranın Allah`ın sözü olduğunu bir daha təsdiq edir.
Yerin təbəqələri
Quranda yer haqqında verilən məlumatlardan biri yeddi təbəqədən ibarət göyə bənzərliyidir:
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Yuxarıdakı ayədə diqqət çəkilən bu məlumat elmi mənbələrdə verilir və Yerin yeddi təbəqədən ibarət olduğu açıqlanır. Elm adamları bu təbəqələri aşağıdakı kimi sıralayırlar:
• Litosfer (su)
• Litosfer (quru)
• Astenosfer
• Üst mantiya
• Alt mantiya
• Xarici nüvə
• Daxili nüvə
Litosfer yunan dilində lithos sözündəndir və Yerin ən üst təbəqəsini təşkil edən bərk qaya təbəqəsidir. Digər təbəqələrlə müqayisədə çox nazikdir. Litosfer okeanların altında və aktiv vulkanik ərazilərdə daha nazikdir. Yer üzündə bu təbəqənin orta qalınlığı 80 km-dir. Digər təbəqələrə nisbətən daha soyuq və bərkdir, ona görə, yer qabığı vəzifəsini yerinə yetirir.
Litosferin altında astenosfer təbəqəsi yerləşir. Astenosfer yunanca asthenes (zəif) sözündəndir. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir və hərəkətlidir. Bu təbəqə geoloji zamanla yüksək temperatur və təzyiqə məruz qaldıqda yumşalıb əriyən, isti, yarı-bərk maddələrdən təşkil olunmuşdur. Bərk litosfer təbəqəsinin yavaş hərəkət edən astenosfer üzərində üzdüyü və ya hərəkət etdiyi düşünülür. 24 Bu təbəqələrin altında yüksək temperaturda yarıbərk qayalardan ibarət təxminən 2900 km qalınlığında mantiya təbəqəsi yerləşir. Litosferdən daha artıq dəmir, maqnezium və kalsiumdan təşkil olunmuş mantiya daha isti və sıxdır, çünki Yerin daxilindəki temperatur və təzyiq dərinliyə getdikcə artır.
Yerin mərkəzində mantiyadan iki dəfə sıx olan nüvə yerləşir. Bu sıxlığın səbəbi içində qayalardan çox metalların (dəmir-nikel tərkibi) olmasıdır. Yerin nüvəsi isə iki hissədən ibarətdir: 2200 km qalınlığında maye halında olan xarici nüvə və 1250 km qalınlığındakı bərk halda olan daxili nüvə. Yer fırlandıqca maye xarici nüvə Yerin maqnetik sahəsini əmələ gətirir.
Ancaq XX əsrdəki texnologiya ilə aşkar edilmiş Yerin təbəqələrinin atmosferin təbəqələri ilə bənzərliyinin Quranda bildirilməsi, şübhəsiz, Quranın elmi möcüzələrindən biridir.
Yerin yükünü çıxarıb atması
Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman. Yer öz yükünü çıxardıb atacağı zaman. İnsan: “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman - məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. . (Zəlzələ surəsi, 1-4)
Ərəb dilində “zilzəl” zəlzələ, təkan, “əsqaləha” isə “ağırlığını, ağır yükünü” mənasını verir. Yuxarıdakı ayələr ilkin mənada zəlzələ ilə bağlı mühüm elmi həqiqətə işarə edir.
“Zəlzələ” surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı yerin yükünü atmasından bəhs edilir. Belə ki, son illərdə aparılan tədqiqatlar nəticəsində yerin mərkəzində ağır metallar olduğu və onların yer qabığındakı təkanlar nəticəsində üzə çıxdığı məlum olmuşdur. Geoloqların diaqnozuna əsasən, Yer soyuduqca ağır və sıx maddələr Yerin mərkəzinə çökmüş, yüngül maddələr isə yuxarıya qalxmışdır. Ona görə, yer qabığında ən yüngül maddələr (bazalt və qranit qayalardan), nüvədə isə ağır metallar (nikel və dəmir) yerləşir. Nəticədə, ərimiş metallardan təşkil olunmuş alt qat üst qatdan daha ağır və sıxdır.
Zəlzələ zamanı yerin altındakı ağır maddələr yerin səthinə çıxır, beləliklə, ayələrdə tərif edildiyi kimi, yer yükünü çıxarıb atır. Bundan əlavə, metal yataqlarının ən çox olduğu yerlər zəlzələ və vulkanik hərəkətlərin daha çox baş verdiyi ərazilərdir. Aparılan hərtərəfli tədqiqatlar nəticəsində yaxın keçmişdə üzə çıxan bu faktlar Allah`ın Quranda işarə etdiyi elmi həqiqətlərdən biridir.
Dağların funksiyası
Quranda dağların mühüm geoloji funksiyasına diqqət çəkilir:
Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq... (Ənbiya surəsi, 31)
Ayədə dağların yer üzündəki təkanların qarşısını alan xüsusiyyəti xəbər verilir. Quran nazil edildiyi dövrdə heç kimin bilmədiyi bu həqiqət dövrümüzdə müasir geologiyanın kəşfləri nəticəsində üzə çıxmışdır.
Keçmişdə dağların sadəcə yer üzünün səthində qalmış yüksəkliklər olduğunu düşünürdülər. Ancaq elm adamları dağların sadəcə yer üzünün yüksəklikləri olmadığını, dağların kökünün hündürlüklərindən 10-15 dəfə çox yer qabığının dərinliyinə doğru uzandığını aşkar etdilər. Bu xüsusiyyəti ilə dağlar eynilə mismarın və ya dirəyin çadırı yerə möhkəm bağlaması kimi rola malikdir. Zirvəsi yer səthindən təxminən 9 km yüksəkdə olan Comolunqma dağının 125 km-dən artıq kökü var. 25
Dağlar yer qabığını təşkil edən böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində meydana gəlir. İki təbəqə toqquşduqda daha möhkəm olan təbəqə digərinin altına girir. Yuxarıda qalan təbəqə isə qıvrılaraq yüksəlir və dağları əmələ gətirir. Altda qalan təbəqə isə yerin altında irəliləyərək aşağıya doğru dərin kök meydana gətirir. Ona görə, daha əvvəl bildirdiyimiz kimi, dağların yer üzündə gördüyümüz gövdəsi qədər yerin altında da dərin kökü var. Bir elmi mənbədə dağların bu quruluşu belə tərif edilir:
Qitələrin daha qalın olduğu dağlıq ərazilərdə yer qabığı mantiyanın dərinliyinə doğru uzanır. 29
Məşhur dəniz geoloqlarından biri olan professor Siaveda isə dağların yerdə kök saldığını belə izah edir:
Qitələrdəki dağlar və okeanlardakı dağlar arasındakı əsas fərq materialındadır... Lakin hər ikisində də dağları dəstəkləyən kökləri var. Qitələrdəki dağlarda yüngül və sıxlığı az olan maddə yerin içinə doğru kök kimi uzanır. Okeanlardakı dağlarda da dağı kök kimi dəstəkləyən yüngül maddə var...Köklərin funksiyası Arximed qanununa görə dağları dəstəkləmək üçündür. 30
Bundan başqa, Amerika Elmlər Akademiyasının keçmiş rəhbəri Frank Pressin dünya səviyyəsində bir çox universitetdə dərslik kimi tədris edilən “Yer” (Earth)adlı kitabında dağların dirək kimi yer üzünə dərinliyə doğru yerləşdiyi ifadə edilir. 31
Quran ayələrində isə dağlar bu funksiyasına görə dirəyə bənzədilir:
Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?! (Nəbə surəsi, 6-7)
Başqa bir ayədə Allah “Dağları da yerə bərkitdi” (Naziat surəsi, 32) şəklində bildirir. Bu ayədəki “ərsayha” sözü “yerə bərkitdi, möhkəmlətdi” mənalarını verir. Bu xüsusiyyətləri sayəsində dağlar yerin təbəqələrinin birləşmə nöqtələrində yerin üstünə və altına doğru uzanaraq bu təbəqələri bir-birinə bərkidir. Bu şəkildə, yer qabığını sabitləşdirərək maqma təbəqəsi üzərində və ya öz təbəqələri arasında sürüşməsinin qarşısını alır. Bir sözlə, dağları taxtaları birləşdirən mismarlara bənzədə bilərik. Dağların sabitləşdirmə xüsusiyyəti elmi ədəbiyyatda izostasiya adlandırılır. İzostasiya mantiya təbəqəsinin yuxarıya doğru tətbiq etdiyi qüvvə ilə yer qabığının aşağıya doğru tətbiq etdiyi qüvvə arasındakı müvazinətdir. Dağlar eroziya, torpaq sürüşməsi və ya buzlaqların əriməsi kimi səbəblərdən çəki itirir, buzlaqların əmələ gəlməsi, vulkanik partlayışlar və ya torpaq əmələ gəlməsi nəticəsində çəki qazanırlar. Bu səbəbdən, dağlar yüngülləşdikdə mayenin itələmə qüvvəsi ilə aşağıdan yuxarıya doğru itələnir, ağırlaşdıqda isə yerin cazibə qüvvəsinin təsiri ilə mantiyanın içinə çökürlər. Yer qabığına təsir edən bu iki qüvvə arasındakı müvazinət izostasiya sayəsində təmin olunur. Dağların bu tarazlayıcı xüsusiyyəti bir elmi mənbədə belə izah edilir:
C.B. Eyeri (G.B.Airy) yer qabığını su üzərində üzən, tirlərdən düzəldilmiş sallara bənzədir. Qalın tirlər nazik tirlərə nisbətən su səthinin daha yuxarısında üzürlər. Yer qabığının qalın hissələri də maye və ya sıxlığı az olan alt təbəqələr üzərində belə üzür. Eyeri dağların düzənliklərdə olmayan sıxlığı nisbətən az olan qayalardan daha dərin kökləri olduğunu söyləyir. O, elmi əsərlərini nəşr etdirdikdən dörd il sonra C.H. Pret (J.H. Pratt) alternativ hipotez irəli sürdü... Bu hipotezə əsasən, dağların altındakı qaya sütunlarının düzənliklərin altındakı qaya sütunlarına nisbətən daha uzun olduğuna görə, sıxlığı daha az olmalıdır. Həm Eyeri, həm də Pret səthdəki nahamarlıqların yer qabığının müəyyən hissələrindəki (dağlar və düzənliklər) qayaların sıxlığındakı fərqlə tarazlandığını irəli sürürlər. Bu tarazlıq “izostasiya” adlandırılır. 32
Bu gün bilirik ki, yer üzünün qayalıq olan üst təbəqəsində dərin qırılmalar var və ərimiş maqma üzərində üzən lövhələr şəklində parçalanmışdır. Yerin öz oxu ətrafındakı fırlanma sürəti çox yüksək olduğuna görə, üzən lövhələr hərəkət halında olacaqdı, lakin dağların sabitləşdirici təsiri bunun qarşısını alır. Bu təqdirdə, yer üzündə torpaq toplanmaz, torpaqda heç su yığılmaz, heç bir bitki cücərməz, heç bir yol, ev inşa edilə bilməzdi. Bir sözlə, Yerdə həyat mümkün olmazdı. Ancaq Allah`ın rəhməti ilə dağlar eynilə mismar kimi yer üzündəki hərəkətliliyin böyük ölçüdə qarşısını alır.
Göründüyü kimi, müasir geologiya və seysmik tədqiqatlar nəticəsində kəşf edilmiş dağların çox həyati funksiyası əsrlər əvvəl nazil edilmiş Qurani-kərimdə Allah`ın yaratmasındakı üstün hikmətə dəlil kimi verilmişdir. Bir ayədə belə buyurulur:
... Sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş... (Loğman surəsi, 10)
Dağların hərəkət etməsi
Bir ayədə dağların göründüyü kimi sabit olmadığı, daima hərəkət halında olduğu belə bildirilir:
Sən dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər... (Nəml surəsi, 88)
Dağların bu hərəkəti yer qabığının hərəkətindən qaynaqlanır. Yer qabığı özündən daha sıx olan mantiya təbəqəsi üzərində sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Vegener (Alfred Wegener) adlı alman elm adamı yer üzündəki qitələrin Yerin ilk dövrlərində bitişik olduğunu, daha sonra müxtəlif istiqamətdə hərəkət edərək bir-birindən ayrılıb uzaqlaşdığını irəli sürmüşdü.
Ancaq geoloqlar Vegenerin haqlı olduğunu onun ölümündən 50 il sonra, yəni 1980-ci ildə anladılar. Vegenerin 1915-ci ildə nəşr olunmuş məqaləsində bildirdiyi kimi, yer üzündəki quru hissələri təqribən 500 milyon il əvvəl bir-birinə bitişik idi və Pangeya adlandırılan bu böyük quru hissəsi cənub qütbündə yerləşirdi. Təxminən 180 il əvvəl Pangeya iki yerə bölünüb. Müxtəlif istiqamətlərdə hərəkət edən bu iki nəhəng qitədən birincisi Afrika, Avstraliya, Antarktida və Hindistandan ibarət Qondvana idi. İkincisi isə Avropa, Şimali Amerika və Asiyadan ibarət Lavrasiya idi. Bu bölünmədən sonra təqribən 150 milyon il ərzində müxtəlif zamanlarda Qondvana və Lavrasiya daha kiçik hissələrə bölündülər.
Pangeyanın bölünməsi ilə əmələ gələn bu qitələr daima quru və dəniz arasında ildə bir neçə santimetrlik sürətlə hərəkət edirlər.
XX əsrin əvvəllərində aparılan geoloji tədqiqatlar nəticəsində kəşf edilmiş yer qabığının bu hərəkəti elmi mənbələrdə belə açıqlanır:
Yer qabığı və üst mantiyadan ibarət 100 km qalınlığındakı Yer səthi “təbəqə” adlanan hissələrdən ibarətdir. Yer üzünü təşkil edən altı böyük təbəqə və çoxlu sayda kiçik təbəqə var. “Təbəqə tektonikası” adlandırılan nəzəriyyəyə əsasən, bu təbəqələr qitələri və okean dibini də özləri ilə birlikdə daşıyaraq Yerin səthində hərəkət edirlər... Qitələrin hərəkəti ildə 1-5 sm-dir. Təbəqələr bu şəkildə hərəkət etdikcə Yerin coğrafiyasında dəyişikliklər əmələ gəlir. Məsələn, Atlantik okeanı hər il daha da genişlənir. 33
Burada mühüm cəhət nəzərə çatdırılmalıdır: Allah dağların hərəkətini ayədə “sürüklənmə” şəklində bildirmişdir. Elm adamlarının bu gün bu hərəkətə verdiyi ingiliscə termin “continental drift” “qitələrin sürüklənməsi” deməkdir. 34
Qitələrin sürüşməsi Quranın nazil edildiyi dövrdə müşahidə oluna bilməzdi və Allah ayədəki “sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən” ifadəsi ilə insanlara bunu əvvəlcədən bildirmiş, dağların, əslində, buludlar kimi hərəkət etdiyini xəbər vermişdir. Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkətliliyinə açıq şəkildə diqqət çəkilir.
Elmin yeni kəşf etdiyi bu elmi faktın kainat və təbiət haqqındakı fikirlərin xurafat, batil inanc və əfsanələrə əsaslandığı VII əsrdə Quranda xəbər verilməsi böyük möcüzədir. Bu, Quranın Allah`ın sözü olduğunun mühüm dəlilidir.
Günəşin doğması ilə batmasındakı fərqli cəhətlər
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik. (Məaric surəsi, 40)
O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir. (Saffat surəsi, 5)
İki məşriqin və iki məğribin Rəbbi Odur. (Rəhman surəsi, 17)
Yuxarıdakı ayələrdə şərq və qərb sözləri cəm halda işlədilmişdir. Məsələn, ilk ayədəki “məşariq” sözü şərqə, “məğarib” sözü isə qərbə aid olub ikidən çox olduqlarını bildirən cəm halındadır. Sonuncu ayədə isə “məşriqeyn” (iki şərq), “məğribeyn” (iki qərb) şəklində işlədilmişdir. Ayələrdəki “məşariq” və“məğarib” sözləri “Günəşin doğduğu və batdığı yer” deməkdir. Ona görə, yuxarıdakı ayələrdə günün doğmasının və batmasının müxtəlif yerlərindən bəhs edilir. Bundan əlavə, ilk ayədə şərqlərin və qərblərin Rəbbinə and içilməsi də diqqət çəkir.
Məlum olduğu kimi, Yerin oxunun mailliyi 230 27'-dir. Bu maillik və Yerin kürəvi formasına görə, günəş şüaları yer üzünə həmişə eyni bucaq altında düşmür. Ona görə də Günəş şərqdə müxtəlif yerlərdə doğur, qərbdə də müxtəlif yerlərdə batır.
Yuxarıdakı ayələrdə işlədilmiş şərq və qərb haqqındakı sözlər də Günəşin müxtəlif yerlərdə doğub batdığına işarə edir (ən doğrusunu Allah bilir).
Yerin ətrafından əskilməsi
Məgər onlar Bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi? (Rəd surəsi, 41)
... Məgər Bizim torpağa gəlib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi? (Enbiya Suresi, 44)
Yer Günəşdən gələn proton, elektron və alfa zərrəciyi bombardmanına məruz qalır. Bu Günəş qasırğaları atmosferi Yerdən ayıracaq qədər güclüdür. Lakin atmosferin tükənməsi Yerin hal-hazırkı maddə itirmə miqdarı ilə (saniyədə ən çox 3 kq) Günəşin ömrünün 5 misli qədər davam edəcək. 35 Çünki Yer atmosferdəki maqnitosfer təbəqəsinin əmələ gətirdiyi güclü maqnetik sahə sayəsində bu güclü eroziyalardan qorunur. Yerin ionosfer təbəqəsinin üstündən kosmosa yayılan oksigen, helium və hidrogen ionları Yeri əhatə edən ucsuz-bucaqsız hava təbəqəsi ilə müqayisə edildikdə çox azdır. Lakin kosmosa yayılan ion miqdarı yenə də çoxdur. 36
Tədqiqatçılar Günəşdəki enerji partlayışlarının atmosferin xarici təbəqəsindən oksigen və digər qazların kosmosa yayılmasına səbəb olduğuna dair ilk konkret dəlilləri NASA-nın kosmik cihazları vasitəsilə əldə etdilər. Beləliklə, Yerin xarici təbəqələrdən maddə itkisinə uğradığını ilk dəfə 24-25 sentyabr 1998-ci ildə elm adamlarına məlum oldu. 37
Digər tərəfdən, yuxarıdakı ayələr yer üzünün quru təbəqələrinin azalmasına işarə edə bilər. Dövrümüzdə qütblərdəki buzlaqlar əriyir və okeanlardakı dəniz suyunun səviyyəsi yüksəlir. Artan su miqdarı da daha çox qurunu basır. Dəniz sahilləri su altında qaldıqca yer üzündəki quru miqdarı azalır. 38 Yuxarıdakı ayələrdə işlədilən “onu tərəflərindən əskiltdiyimizi görmürlərmi” və “torpağa gəlib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi” ifadələrinin dəniz sahillərinin sularla örtülməsinə işarə etməsi ehtimal olunur.
“Nyu York Tayms” (New York Times) qəzetində bu barədə belə xəbər verilir:
Keçən əsrdə yer üzünün təxmini səth temperaturu 1 fahrenheyt qalxmışdır, keçən əsrin son rübündə istiləşmə də artmışdır. Bu mühüm rəqəmdir... Əvvəlki peyk tədqiqatlarında və dəniz altında aparılan müşahidələrdə şimal qütbündə istiləşmə və buz kütlələrinin əriməsinin artdığı aşkar edilmişdi... Menhettendə (Manhattan) NASA tədqiqat mərkəzi olan Qoddard Kosmologiya İnstitutundakı elm adamları 1950 və 1960-cı illərdəki sualtı müşahidələrin nəticələri ilə 1990-cı ilin nəticələrini müqayisə etdilər və şimal qütbü hövzəsindəki buz təbəqəsinin 45% nazildiyini sübut etdilər. Peyk görüntüləri ərazini örtən buzlaqların ölçüsünün keçən illərdə həddindən artıq azaldığını göstərir. 39
XX əsrin sonlarında əldə edilmiş nəticələr “Ənbiya” surəsinin 44-cü və “Rəd” surəsinin 41-ci ayələrindəki hikmətləri anlamağımıza kömək etmişdir.
Allah`ın ayədə bildirdiyi kimi, yerin ətrafından əskilməsi Quranda bildirilən başqa bir elmi həqiqətə işarə edə bilər. Öz oxu ətrafında dövr edən Yerin fırlanmasından qaynaqlanan geoid forması son əsrlərdə qəbul edilmiş həqiqətdir.
Aparılan tədqiqatlarda fırlanma nəticəsində əmələ gələn qüvvə ilə Yerin ekvator çevrəsindən genişləndiyi, qütblərdən isə yastılaşdığı üzə çıxmışdır. Bundan başqa, Yerin fırlanmağa davam etdiyi üçün bu dəyişiklik də davam edir. Belə ki, “Rəd” surəsinin 41-ci ayəsində “əskiltdiyimizi” kimi tərcümə edilmiş“nənkusu” sözü əskilmə prosesinin hələ də davam etdiyini göstərir.
Yerin cazibə qüvvəsi Yer kimi göy cisimlərini kürəvi formaya salmışdır. Ancaq bu, tam kürəvi forma deyil, qütblərdən bir az yastılaşmış və ekvatordan geniş olan formadır. NASA-nın məlumatlarına əsasən, Yerin ekvatordakı radiusu 6.378.1 km, qütblərdəki radiusu isə 6.356.8 km-dir. 40 Burada 0.3% fərq var.
Yerin forması ilə bağlı bu model ilk dəfə 1687-ci ildə İsaak Nyuton (Isaac Newton) tərəfindən irəli sürülmüşdür. Ayələrdə təqribən 1400 il əvvəl işarə edilmiş bu vəziyyət Quranın başqa bir elmi möcüzəsidir.
Yarılan yer
And olsun qayıdan göyə! And olsun yarılan yerə! (Tariq surəsi, 11-12)
Yuxarıdakı ayədə işlədilən ərəb dilindəki “sada” sözü azərbaycanca “çatlama, yarılma, aralanma” mənalarını verir. Allah`ın yarılan yerə and içməsi Quranın digər elmi möcüzələrində olduğu kimi, burada da xüsusi cəhətə diqqət çəkir.
1945-46-cı illərdə elm adamları mineral mənbələrini araşdırmaq üçün ilk dəfə dəniz və okeanların dibinə endilər. Tədqiqatlarda diqqətçəkən cəhətlərdən biri Yerin çatları idi. Yerin səthindəki qayalıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətində on min kilometrlərlə uzunluqda çoxlu sayda geniş çatlarla yarılmışdı. Bundan əlavə, elm adamları 100-150 km dərinlikdə dənizlərin və okeanların altında ərimiş maqmanın olduğunu gördülər.
Bu qırıq və çatlara görə dənizlərin ortasında yerləşən dağlardan lava axır. Yer üzünün bu çatlarından Yerin daxilindəki istilik çölə çıxır və ərimiş daş parçalarının böyük hissəsi okeanlardakı təpələri əmələ gətirir. Əgər Yer qabığının yüksək temperaturun çölə çıxmasını təmin edən bu quruluşu olmasaydı, Yerdə həyat qeyri-mümkün olardı. 41
Şübhəsiz, texnologiya vasitəsilə aşkar edilmiş bu faktın 1400 il əvvəl xəbər verilməsi Quranın Allah`ın sözü olduğunu təsdiq edir.
Qeydlər
17. World Book Encyclopedia, 2003; Boston Üniversitesi'nde Astronomi ve Fizik Professörü Kenneth Brecher'in katkılarıyla. 
20. http://royal.okanagan.bc.ca/mpidwirn/atmosphereandclimate/atmslayers.html; Michael Pidwirny, Atmospheric Layers, 1996. 
26. Frank Press, Raymond Siever, Earth, 3. baskı, W. H. Freeman & Company, San Francisco, 1982, s. 413. 
28. Edward J. Tarbuck, Frederick K. Lutgens, Earth Science, 3. baskı, Charles E. Merrill Publishing Company, Columbus, 1982, s. 158. 
29. Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe, General Science, Allyn & Bacon Inc. Newton, Massachusetts, 1985, s. 305. 
33. Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe, General Science, Allyn & Bacon Inc. Newton, Massachusetts, 1985, s. 305. 
38. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, s. 115. 
41. http://tea.rice.edu/schauer/6.23.2000.html; http://www.eri.utokyo.ac.jp/seno/
Hiç yorum yok:
Yorum Gönder