30 Haziran 2016 Perşembe

Birinci fəsil İmanı asan dərk etmək

Birinci fəsil
İmanı asan dərk etmək

Möminlərin təvazökarlığı

Təvazökarlıq Quranda mühüm mömin xüsusiyyəti kimi bildirilir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allah`ın lovğa və azğınları sevmədiyi ayələrdə xəbər verilir.
Möminlər Allah`ın hər şeyi yaratdığını, hər şeyin tək sahibi olduğunu və insanlara bütün nemətləri verənin Allah olduğunu bilirlər. Ona görə də mömin Allah qarşısındakı acizliyini bildiyi üçün yersiz təkəbbür göstərməz. Nə qədər gözəl, zəngin, ağıllı, etibarlı olsa da, bunlara görə lovğalanmaz, çünki bu xüsusiyyətləri ona Allah`ın verdiyini bilir. Ona görə də möminlərə qarşı daima təvazökar olar. Öz xüsusiyyətlərini ön plana çıxarıb daima gözəl tərəflərini vurğulamağa çalışmaz. Çünki etdiyi hər şeyin əvəzini ancaq Allah`dan gözləyər.
Təvazökar möminlər inkarçılar kimi yer üzündə təkəbbür göstərməz, əksinə, sadəlik göstərər və bu təvazöləri xarici görünüşlərinə də təsir edər. Allah möminlərin təvazökar davranışına bir ayəsində belə diqqət çəkmişdir:
Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər.  (Furqan surəsi, 63)
Bu əxlaqlarına görə Allah möminləri cənnətlə müjdələmişdir:
… Sizin tanrınız yalnız bir olan Allah`dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!  (Həcc surəsi, 34)

Boş və faydasız şeylərdən necə üz çevirmək olar?
Nələr boş və faydasızdır?

Boş və faydasız şeylərdən üz çevirmək insanın sadəcə Allah`ın rizasına uyğun davranması ilə mümkün olar. Mömin dünyada ona verilən müddəti çox yaxşı dəyərləndirməlidir. Çünki bu dünyada etdiyi əməllər nəticəsində axirətdə əbədiyyən qalacağı yer müəyyən olunacaqdır. Ona görə də gördüyü hər işlə axirəti üçün xeyir qazanmağa çalışar. Əlbəttə, hər insan kimi danışar, əylənər, yemək yeyər, gülər, düşünər, işləyər, amma bunları edərkən daima insanlara, dinə fayda verən xeyirli şeylər düşünər.
Bundan əlavə, hər hərəkətini bir məqsədlə edər. Daima ona Allah`ın razılığını ən çox qazandıran işə yönələr. Bunu belə bir misalla izah edə bilərik: avtomobil motorlarının gücü haqqında hər insan söhbət edə bilər. Ancaq mömin görülməli daha vacib işlər varsa, saatlarla bu məsələ haqqında danışmaz. Eyni şəkildə, mömin yanında Allah`ın dinini təbliğ edəcək bir insan varsa, onunla uzun müddət idman yarışlarında hansı tərəfin qalib gələcəyi haqqında danışmaz. Çünki o anda həmin insanın Allah`ın varlığını, böyüklüyünü, cənnətə layiq olmaq və cəhənnəmdən çəkinmək üçün nələr etməli olduğunu öyrənməsi daha vacibdir.
Qısaca desək, mömin dinin və müsəlmanların xeyrinə olmayan mövzularda nə uzun-uzun söhbət edər, nə də bu mövzulara lazım olduğundan artıq vaxt ayırar. Dünya ilə bağlı söhbət edərkən daha faydalı şeylər haqqında danışar, vaxtını yaxşı dəyərləndirər. Həmin anda nəyin mənasız iş, nəyin isə faydalı şey olduğunu vicdanı və ağlı vasitəsilə ayırd edər və bu əxlaqında qətiyyətli olar. Quranda boş sözlə qarşılaşdıqda möminin davranışı belə izah edilir:
Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər.  (Qəsəs surəsi, 55)

 Quranda təmizlik anlayışı

Möminlər fiziki cəhətdən tərtəmiz insanlardır. Bədənləri, yeməkləri, paltarları, yaşadıqları yerlər həmişə təmizliyi və nizamı ilə nəzərə çarpır. Harada olsalar, oranı Quranda tərif edilən, tərtəmiz cənnət mühitinə bənzətməyə çalışırlar.
Allah möminlərin təmizliyinin necə olmasına aşağıdakı ayələrdə diqqət çəkmişdir:
Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Müddəssir surəsi, 4-5)
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!  (Bəqərə surəsi, 172)
… Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!  (Həcc surəsi, 26)
şəlalə

Quranda mənəvi təmizlikdən də bəhs edilirmi?

Allah Quranda insanın ruhən təmiz olmasından bəhs edir. Nəfsindəki pisliklərdən uzaqlaşan, nəfsini təmizləyən insanların nicat tapacağına diqqət çəkir:
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır!  (Şəms surəsi, 8-9)
İnsanın mənəvi cəhətdən təmiz olması, ayədə bildirildiyi kimi, nəfsinin əmr etdiyi pisliklərdən tamamilə uzaq durması ilə mümkün olar. Mənəvi cəhətdən təmiz olan insan səmimi imana, rahat əhvala malikdir. Gördüyü hər iş kimi düşüncələri də xeyirlidir. Qarşısına çıxan hər hadisədə Allah`dan razı olur, daxili ilə zahiri birdir. Bundan əlavə, Allah`dan gələn hər şeyin onun üçün mütləq xeyir olduğunu bilir.
Bu cür insanlar nəfslərindəki pisliklərdən təmizlənən insanlardır və Allah Quranda bu insanların sonunun gözəl olacağını xəbər vermişdir:
… Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs təmizlənsə, özü üçün təmizlənmiş olar. Axır dönüş ancaq Allah`adır!  (Fatir surəsi, 18)
Təmizlənən kimsə isə nicat tapacaqdır.  (Əla surəsi, 14)

Quran əxlaqında həsədin yeri

Həsəd Quranda qınanan davranışdır. Allah sınamaq məqsədilə insanların nəfsini həsədə meyilli yaratdığını, lakin möminlərin bundan çəkinmələrini Quranda bildirmişdir:
… Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz, şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)
Bəzi insanlardan qısqanc olub-olmadığını soruşduqda ya “bəli” cavabını verir, yaxud da bir az qısqanc olduğunu deyirlər. Ancaq bu cavabın ardında gizlənən mənanı hərtərəfli düşünmürlər. Halbuki, qısqanclıq insanın başqa birinin özündən hər hansı cəhəti ilə üstün olduğunu qəbul etməməsinin nəticəsi kimi üzə çıxır. Bu isə insanı Allah`a qarşı təkəbbür göstərməyə qədər apara bilər. Çünki insanlara sahib olduqları bütün xüsusiyyətləri Allah bəxş etmişdir. İstədiyinə istədiyini verir və bunun qarşısını kimsə ala bilməz.
Bundan əlavə, Quranda şeytanın həsəd apardığı üçün hz. Adəmə səcdə etməyərək Allah`a üsyan etməsindən bəhs edilir. Özünü hz. Adəmdən daha üstün gördüyü bildirilir. Bu təqdirdə, qarşımıza mühüm həqiqət çıxır: həsəd, qısqanclıq şeytana aid xüsusiyyətdir və Allah`dan qorxan insan bundan çəkinməlidir.
Allah Quranda möminlərə həsəd aparan insanların əlindən çıxan pisliklərdən qorunmaq üçün Ona sığınmalarını söyləyir:
De: “Pənah aparıram sübhün Rəbbinə!  (Fələq surəsi, 1)
Və bir də paxıllığı tutanda paxılın şərindən! (Fələq surəsi, 2)

 Quranda istehza etmək haqqında nələr bildirilir?

İstehza etmək Allah`ın əsla bəyənmədiyi çirkin davranışdır. Dinsiz cəmiyyətdə insanlar bir çox şeylərə istehza edirlər. İnsanların çatışmayan cəhətləri və ya nöqsanlarına istehza etmək, onlara pis ləqəblər qoymaq buna misaldır. Allah bu çirkin əxlaqi xüsusiyyətə qarşı insanları belə xəbərdar edir:
(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)
Allah`ın Quranda diqqət çəkdiyi digər istehza forması isə inkarçıların inananları ələ salmasıdır. Qəflətdə olan, iman gətirənlərin doğru yolda olduğunu qavramayan bu insanlar özlərini inananlardan üstün görərək onlara istehza edirlər:
Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə gülürdülər. (Möminlərin) Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər.  (Mutaffifin surəsi, 29-30)
Allah bu insanların nə qədər yanıldığını və onların sonunun nə qədər pis olduğunu belə bildirmişdir:
Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar. Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Mutaffifin surəsi, 34-36)
Bundan əlavə, Allah Quranda dinə, Allah`ın ayələrinə istehza edənlərdən bəhs edir. Bu insanların Allah`dan gələn hər xəbərdarlığı, onları qorxutmaq üçün göndərilən elçiləri təkzib etdiklərini bildirir. Şübhəsiz, bu insanlar Allah`ın böyüklüyünü, gücünü haqqı ilə təqdir etməyən, axirətdə sorğu-sual olunacaqlarını nəzərə almayan şəxslərdir. Ancaq bu insanlar axirətdə çox təəccüblənəcək və dünyada etdikləri çirkin istehzanın əvəzində əbədi əzabla qarşılaşacaqlar. Quranda bu həqiqət açıq şəkildə bildirilmişdir:
Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz onlar üçün bir daş-tərəzi qurmayacağıq! Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası – cəhənnəm! (Kəhf surəsi, 105-106)
Bir kəs: “Allah`a itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!” – deməsin.  (Zumər surəsi, 56)
dəniz altı

İnsanlara çirkin ləqəblər qoymaq Quranda necə dəyərləndirilir?

Quran əxlaqına uyğun yaşamayanlar özlərini üstün göstərmək üçün insanlara cürbəcür pis ləqəblər qoyaraq istehza edirlər, beləliklə, qarşılarındakı insanları alçaltmağa çalışırlar. Möminlər isə əsla bu cür davranmazlar. Allah Quranda möminləri çox açıq şəkildə bu çirkin davranışdan çəkindirmiş, bu əmri yerinə yetirməyənlərin zalımlardan olacağını bildirmişdir:
Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hucurat surəsi, 11)
Quran əxlaqına tabe olan insanlar Allah`ın bəyənmədiyi bu davranışdan çəkinərlər. Bir-birlərini ən gözəl adlarla çağırmağa çalışar və bir-birlərinə Allah`ın səmimi qulu kimi hörmət edərlər.

Qeybətin Qurandakı yeri nədir?

Allah Quranda möminlərə bir-birlərinin arxasınca danışmalarını qadağan etmiş, bunun çirkin davranış olduğunu bildirmişdir:
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allah`dan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi, 12)
Allah`ın bu ayədəki əmrinə uyğun olaraq, Allah`ın dininə uyğun yaşayan, bir-birinə qardaş olan insanlar bu cür hərəkət etməkdən çəkinərlər. Əksinə, möminlər bir-birlərini həmişə xeyirlə yad edər, hər zaman möminlərin gözəl cəhətlərini üzə çıxarmağa çalışarlar, Allah`a təslim olmuş insanlarda qüsur, nöqsan axtarmazlar. Ona görə də dindən uzaq yaşayan insanlara böyük sıxıntı verən qeybət Allah`ın hədlərini qoruyan möminlərə xas olmayan mənfi əxlaqi xüsusiyyətdir. Əgər bir mömin digərində səhv davranış görərsə, bunu o möminin arxasınca başqaları ilə danışmaz. Möminlər birbaşa bir-birlərinə bu səhv davranışlarını düzəltmələri üçün nəsihət edərlər.

Hər hansı məsələdə ümidsizliyə qapılmaq nə üçün doğru davranış deyil?

Hər varlığı, hər hadisəni Allah`ın yaratdığını bilən, Onu tanıyıb gücünü təqdir edən insan hər hansı məsələdə ümidsizliyə qapılmaz. Çünki Allah hər çətinliyi aradan qaldıran, əfv edən, mərhəmət edən, sonsuz qüdrət və bilik sahibidir. Gündəlik həyatda ortaya çıxan hər cür çətinlik, ani surətdə çıxan problemlər, xəstəliklər, edilən səhvlər, qısaca desək, insanların ümidsizliyə düşmə səbəbi kimi gördükləri hər şey, əslində, tamamilə Allah`ın nəzarəti altında baş verir. Allah hər şeydən xəbərdar olan, hər şeyi biləndir. Sonsuz ağıl tərəfindən qədərinin təyin edildiyini bilmək bir insan üçün ən böyük rahatlıqdır. Bunu dərk edən insan əsla ümidsizliyə düşməz.
Bundan əlavə, mömin dünyada etdiyi hər səhvi düzəltməyin mümkün olduğunu bilir, ona görə də ümidsizliyə qapılmaz. Belə ki, Quranda insanlara Allah`ın rəhmətindən ümid kəsməmək əmr edilmişdir:
… Allah`ın mərhəmətindən ümidinizi kəsməyin. Allah`ın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)
De: “Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allah`ın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! ” (Zumər surəsi, 53)

Emosionallıq Quranda necə dəyərləndirilir?

Emosionallığın Quranda yeri yoxdur. Çünki Quranda ağıllı mömin olmaq vurğulanır. Allah Ondan qorxub çəkinənləri bir nemət olaraq ağıllı edər. Ağıllı olan möminlər isə hadisələri həmişə Allah`ın Quranda göstərdiyi mütləq doğrular çərçivəsində dəyərləndirirlər. Ağıl və vicdanlarına uyğun hərəkət edərək qərar verir və bu yolla hər məsələni asanlıqla həll edirlər. Halbuki, emosionallıq ağılı örtən ən mühüm amillərdən biridir. Hadisələrə ağılla deyil, hissləri ilə yanaşan insan doğru ilə yanlışı ayırd edə bilməz. Tərəfsiz qərar verə bilməz, ona görə də ədalətli davranmaz. İnsanların nə düşündüklərinə əhəmiyyət verdiyi üçün tez və ağıllı qərarlar verməz. Emosional xarakterə malik olan insan hadisələri Quranın ölçülərinə əsasən deyil, öz mühakimə dəyərlərinə uyğun qiymətləndirər.
atlar

 Quranda ixlas və səmimilik anlayışı

“İxlas” sözünün hərfi mənası saf deməkdir. Qurandakı ixlas anlayışı insanın təmiz niyyətlə, könüldən Allah`a iman gətirməsi, Ona qəlbən bağlanması deməkdir. İxlaslı mömin həyatı boyu hər şeyi Allah`ın razılığını qazanmaq üçün edər və əvəzini də yalnız Allah`dan gözləyər. Gördüyü işlərdə insanların düşüncələrinə görə hərəkət etmək, insanların gözünə girməyə çalışmaq kimi qeyri-səmimi niyyəti yoxdur. Ona görə, hər davranışı səmimidir və Allah`ın rizasına uyğundur.
Səmimi insan, əvvəla, Allah`a, daha sonra insanlara qarşı dürüst olar. Çünki Allah`ın hər şeyi görüb eşitdiyini, Onun qarşısında bir gün bütün etdiklərinə görə cavab verəcəyini və bütün fikirlərinə, sözlərinə, davranışlarına görə məsuliyyət daşıyacağını bilir. Buna görə də möminin dürüstlüyü və səmimiliyi onun dərin imanının ən mühüm göstəricilərindəndir.
Allah Quranda peyğəmbərlərin daima Allah`ın rizasını qazanmaq istəyən ixlaslı davranışlarını iman gətirənlərə nümunə göstərmişdir:
Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! (Sad surəsi, 45-47)
Habelə, Quranda Allah`a səmimi şəkildə üz tutan insanlar təriflənmiş və onların sonunun xeyirlə nəticələnəcəyi müjdələnmişdir:
… Allah`a üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! Onlar Allah`ın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 17-18)

 Möminlər baş verən hadisələrə görə kədərlənərlərmi?

Möminlər hadisələrə görə kədərlənməzlər. Çünki Allah`ın yaratdığı hər hadisə ilə onları sınadığını bilirlər. Uğursuz görünən hadisələrdə də təvəkküllü davranarlar və səbir edərlər. Allah`ın hər şeyi bir hikmətlə yaratdığını unutmazlar. Quranda bununla bağlı belə nümunə verilir:
Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!”…  (Tövbə surəsi, 40)
Ayədən göründüyü kimi, Peyğəmbərimiz (s. ə. v) ən çətin şəraitdə belə dostuna kədərlənməməyi tövsiyə etmişdir. Möminlər üçün ən gözəl örnək peyğəmbərlərin əxlaqı olduğuna görə, onlar da çətin şəraitdə bu cür davranarlar.
Möminlərin kədərlənməməsinin ən əsas səbəblərindən biri də Allah`ın yaratdığı hər hadisənin onlar üçün xeyir olduğunu bilmələridir. Allah iman gətirənlərə dünyada gözəl həyat vəd etmişdir. Bu cür gözəl həyat sürən möminlər Allah`ın onları axirətdə də dünyadakından daha gözəl və əbədiyyən nemətlərin əsla əskilmədiyi həyata qovuşduracağına ümid edirlər. Şübhəsiz, bu, bir insan üçün ən böyük müjdələrdən biridir, eyni zamanda, ən böyük sevinc mənbəyidir. Ona görə də möminlər əsla kədərlənməzlər. Allah möminləri belə müjdələmişdir:
Həqiqətən də: “Rəbbimiz Allah`dır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyərlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. ” (Fussilət surəsi, 30-31)

Möminlər əsəbiləşərlərmi?

Möminlər hər insan kimi müxtəlif hadisələrə görə əsəbiləşə bilərlər. Lakin möminlərin üstün əxlaqının ən mühüm göstəricilərindən biri əsəblərini cilovlamalarıdır. Əsəbiləşməyin onlara fayda verməyəcəyini, əksinə, əsəbiləşdikdə ağıllı davranmayacaqlarını, ədalətdən uzaqlaşacaqlarını bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verən səhv qərarlar verməkdən çəkinərlər. Buna görə də möminlər səbirli və mərhəmətli davranarlar. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləmişdir:
O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.  (Ali-İmran surəsi, 134)
Ancaq əsəbini cilovlamaq dedikdə passiv, susqun, hər şeyi qəbul edən davranış nəzərdə tutulmur. Əlbəttə, möminlər hadisələrə reaksiya verər, mənfi hərəkət, iman gətirənlərə ziyan vuracaq mühit varsa, buna dərhal mane olarlar. Lakin bunu edərkən hisslərinə qapılmaz, əksinə, ağıllı davranaraq həll yolu tapar, qarşı tərəfi düşdüyü vəziyyətdən çıxarmaq, ona doğru yolu göstərmək, zərərli mühiti dəyişdirmək üçün çalışarlar.
gül

Möminlər səhv edərlərmi?

Quranda bildirildiyi kimi, möminlər səhv edə bilər. Ancaq Allah`dan qorxub çəkindikləri və Ona qarşı səmimi olduqları üçün səhvlərini israrla təkrarlamaz, dərhal düzəltməyə çalışarlar. Allah`dan bağışlanma diləyər və özlərini islah edərək bir daha bu xətanı etməməyə diqqət edərlər. Dünyanın tərbiyə yeri olduğunu bilər və etdikləri səhvlərdən nəticə çıxararaq ibrət alar, özlərini kamilləşdirirlər. Allah möminlərin bu gözəl əxlaqını bir çox ayədə tərifləmiş, onları mütləq bağışlayacağını müjdələmişdir:
O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allah`ı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allah`dan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar.  (Ali-İmran surəsi, 135)

 Quranda möminlərə əmr edilən ədalət anlayışı necədir?

Allah möminlərə hadisələri həmişə ən ədalətli yolla, Quranda bildirilən hədlərə uyğun olaraq dəyərləndirməyi əmr etmişdir. İnsanlar arasında hökm etdikdə mütləq ən ədalətli qərarı verməyi və haqlı olanın tərəfində olmağı bildirmişdir.
Möminlər şahidlik etdikdə də doğru və ədalətli davranarlar. İnsanın bəzən verdiyi bir qərar, edəcəyi şahidlik öz əleyhinə ola bilər və ya yaxınlarının mənfəətinə zidd ola bilər. Ancaq Allah`dan qorxan insan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Çünki möminlərin işlərində ölçü Allah rizasıdır. Allah`ın razı olmadığı şahidliyi etmək və ya qərar vermək, bəlkə, zahirən həmin anda insana xeyir gətirdiyini düşünmək olar. Ancaq Allah razı olmadıqdan sonra əldə edəcəyi dünyəvi mənfəət möminlərə rahatlıq və xoşbəxtlik gətirməz.
Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda, Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!  (Nisa surəsi, 135)
İnsanların ədalətli qərar verməsinə mane olan digər təhlükə insanlara qarşı olan qəzəbdir. Əgər bir insan başqa birinə qəzəblənibsə və ya ona qarşı kini varsa, ona mənfəət vermək, onun xeyrinə hərəkət etmək istəməz. Ancaq möminlər belə vəziyyətdə də Allah`ın rizasını düşünər və qarşılarındakı insanın kimliyindən asılı olmayaraq, ədalətli davranarlar. Çünki Allah iman gətirənlərə “…Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır…”  (Maidə surəsi, 8) şəklində əmr etmişdir.
çiçək


Allah necə zikr edilir?

Möminlər Allah`ın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allah`ın yaratdığını bilirlər. Ona görə, Allah`ı heç vaxt unutmurlar. Həyatlarının hər anında həm qəlbən Allah`ı düşünür, həm də digər möminlərlə söhbət etdikdə Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını, sənətini zikr edirlər. Möminlərin hər an Allah`ı zikr etməsi Quranda belə bildirilir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! ” (Ali-İmran surəsi, 191)
Allah`ı zikr etmək hər şeyi, baş verən hər hadisəni Allah`ın yaratdığını bilmək, “Allah mənə bununla nə göstərmək istəyir?” şəklində düşünmək, Allah`ın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Allah`ın ucalığını qavramaq üçün səy göstərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Məsələn, kənardan baxdıqda çətin kimi görünən bir hadisə ilə qarşılaşdıqda təvəkküllü davranan və səbir edən insan o an Allah`ı zikr etdiyi üçün bu şəkildə davrana bilir. Allah`ı zikr edən insan Allah`ı və Onun gücünü heç vaxt unutmaz və daima ağıllı davranar.

Qiyamət günü Quranda necə tərif edilir?

Quranda bildirildiyi kimi, “O saat (qiyamət saatı) mütləq gələcəkdir…”  (Taha surəsi, 15) və o gün gəldikdə dünyadakı bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar, qısaca desək, göylərdə və yerdə nə varsa, hamısı məhv olacaq. Quranda qiyamət günü baş verəcək hadisələr belə bildirilir:
Göy yarılacaq və həmin gün o, süst olacaqdır.  (Haqqə surəsi, 16)
Ulduzlar səpələnəcəyi zaman.  (Təkvir surəsi, 2)
Günəşlə ay birləşəcəyi zaman.  (Qiyamət surəsi, 9)
Dənizlər od tutub yanacağı zaman.  (Təkvir surəsi, 6)
O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcəkdir.  (Müzzəmmil surəsi, 14)
Dağlar isə didilmiş yun kimi olacaqdır! (Qarisə surəsi, 5)
Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq.  (Fəcr surəsi, 21)
Yer öz yükünü çıxardıb atacağı zaman.  (Zəlzələ surəsi, 2)
Bunlar qiyamət günü baş verəcək dəhşətli hadisələrin bəzisidir. Həmin gün insanın dünyada dəyər verdiyi hər şey məhv olacaq, hamı Allah`ın rizası üçün edilən saleh əməllərdən başqa heç nəyin qiymətinin olmadığını anlayacaq.

Qiyamət günü inkar edənlərin vəziyyəti necə olacaq?

Qiyamət günü insan üçün ən dəhşətli, qorxulu gündür. O gün inkarçılar onlara vəd edildiyi halda, heç düşünmədikləri həqiqəti açıq-aşkar görəcəklər. Lakin artıq insanların dünyada etdikləri səhvləri düzəltmək üçün geriyə dönüş imkanları olmayacaq. O gün inkar edənlər qorxu içində ölümün, əslində, yox olmaq deyil, əksinə, əbədi davam edəcək əzabın başlanğıcı olduğunu anlayacaqlar. Allah Quranda o gün insanların keçirdiyi qorxudan bir növ sərxoşa çevriləcəklərini bildirmişdir:
… İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)
Qiyamət günü inkarçıların dəhşətdən bütün dəyər mühakimələri dəyişəcək. Ən çox dəyər verdikləri mallar, övladları bir anda bütün əhəmiyyətini itirəcəkdir. Allah Quranda insanların o gün ancaq özlərini xilas etməyə çalışacaqlarını və bir-birlərindən qaçacaqlarını xəbər vermişdir:
O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə surəsi, 34-37)
O gün insanların düşdüyü vəziyyət ayələrdə belə bildirilir:
… Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir… (Ənbiya surəsi, 97)
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)
Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?!  (Müzzəmmil surəsi, 17)
şəlalə

Möminlər sayca çoxdurmu?

Allah bir çox ayədə həqiqi iman gətirən qullarının sayının çox az olacağını bildirir. Ona görə, tarix boyu iman gətirənlərin sayı daima az olmuş və inkarçılar çoxluq təşkil etmişlər. Bu vəziyyət möminlərin səviyyə, dəyər və üstünlüyünün göstəricisidir. Allah`ın insanların çoxunun inanmayacağı ilə bağlı ayələrindən biri belədir:
Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir.  (Yusif surəsi, 103)
Ona görə də bir insanın çoxluğu özünə nümunə götürməsi, çoxluq nəyə inanırsa, ona inanması böyük itkidir. Bu insanlar çoxluq təşkil etsə də, axirətdə də kütləvi şəkildə cəhənnəmə girəcəklər.

Birinci fəsil İmanı asan dərk etmək - 2

Birinci fəsil
İmanı asan dərk etmək

Axirətdə möminlər necə qarşılanacaqlar?

Möminlər ölümlə birlikdə başlayan axirət həyatında inkar edənlərdən fərqli olaraq, gözəl tərzdə, gözəl sözlə, müjdə ilə qarşılanacaqlar. “O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb. . . ” (Nəhl surəsi, 32) ayəsi ilə xəbər verildiyi kimi, ölərkən canları rahat, pak və təmiz halda alınacaq. Onlar hər cür qorxudan uzaq, əmin-amanlıq içindədirlər. Rəbbimizin onlara olan köməyi və fəzli sayəsində haqq-hesabları yüngül olacaq. Mələklər onları cənnətlə müjdələyəcək və nəhayət Allah`ın onlara vəd etdiyi cənnətə daxil olacaqlar:
Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!” – deyəcəklər. Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah`a həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” – deyəcəklər.  (Zumər surəsi, 73-74)
bağça

Din günü kafirlər necə tanınacaqlar?

Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. (Rəhman surəsi, 41)
Allah yuxarıdakı ayə ilə kafirlərin din günündə üzlərindən tanınacaqlarına diqqət çəkir. Bir insan dünya həyatında məsum və ya gözəl görünə bilər. Ancaq haqq-hesab günü yenidən dirildilən bu insanların üzü o gün Quranda bildirildiyi kimi, zillət içində, qaralmış, toz bürümüş olacaq. Bundan əlavə, inkarçılar kor şəkildə həşr olunacaqlar. Gözləri həm kor olacaq, həm də qorxunc görünəcəklər və Quranda bildirildiyinə görə, gömgöy olacaq. Hər inkarçı din günündə bu qorxunc görüntüsü ilə yenidən dirildiləcəkdir.

Xəstəlik və çətinlik anlarında mömin necə davranar?

Möminlər dünyada Allah`ın insanları çətinlik və ya xəstəliklərlə sınadığını bilirlər. Ona görə, ən ağır xəstəliklə və ya çətinliklə qarşılaşsalar da, daima təvəkküllü və səbirli davranır, heç vaxt ümidsizliyə düşmürlər. Xəstəliyi və çətinliyi verənin Allah olduğunu və bunları yalnız Allah`ın aradan qaldıracağını bilərək dərhal Allah`a yönəlirlər. Bu gözəl davranışlarının əvəzini dünyada və axirətdə Allah`dan diləyirlər. Allah “Bəqərə” surəsində möminlərin başına gələn çətinliklərə qarşı göstərdikləri gözəl davranışı belə bildirir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allah`ınıq və Ona tərəf qayıdacağıq!” - deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır! (Bəqərə surəsi, 155-157)

Möminlərin gördüyü işlərlə bağlı bir-birləri ilə məsləhətləşməsinin hansı faydaları var?

Allah Quranda “O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər...” (Şura surəsi, 38) ayəsi ilə möminlərin məsləhətləşərək iş gördüyünü bildirir. Məsləhət etməyin maddi-mənəvi çox faydalı nəticələri var. Hər şeydən əvvəl, bir insanın bir işdə başqası ilə məsləhətləşərək onun da fikrini öyrənməsi o insanın təvazökarlığını göstərir ki, təvazökarlıq Allah`ın bəyəndiyi əxlaqdır. Məsləhətləşmənin digər faydası isə budur: bir işdə bir nəfərin təkbaşına qərar verməsi əvəzinə, bir neçə nəfər birlikdə daha ağıllı fikir söyləyə bilər. Birinin düşünmədiyini digəri düşünər, hər kəs bir-birinin çatışmayan cəhətini tamamlayar. Beləliklə, nəticə daha xeyirli olar. Görülən işdə əldə edilən uğur isə bir deyil, bir neçə şəxsə aid olar. Bu da insanın nəfsinin bu uğura görə öyünməsinə, bunu öz uğuru kimi görməsinə mane olar.

Qurandakı qissələrin əhəmiyyəti

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.  (Yusif surəsi, 111)
Allah “Yusif” surəsindəki bu ayə ilə Qurandakı qissələrdə ibrətlər olduğunu bildirir. Bu qissələrdə danışılan hadisələr möminlərə bir çox cəhətdən örnək təşkil edir. Keçmişdə yaşayanların səhvlərini təkrar etməmək, peyğəmbərlərin və möminlərin müəyyən vəziyyətlərdə necə davrandığını və necə müvəffəqiyyət əldə etdiyini görərək onları nümunə götürmək, onların üstün əxlaqını mənimsəmək, keçmişdəki hadisələri və nəticələrini nəzərə alaraq dövrümüzdəki hadisələri dəyərləndirmək baxımından bu qissələr möminlər üçün böyük əhəmiyyət daşıyır.
quzu

Keçmişdəki qövmlər necə həlak edilmişdir?

Allah keçmişdə yaşamış qövmlərə elçilər göndərmiş, onları axirət və haqq-hesab günü ilə məlumatlandırıb qorxutmuşdur. Ancaq bu qövmlərin bir çoxu Allah`dan gələn xəbərdarlığı dinləməmiş, Allah`a və elçilərinə itaətsizlik etmiş və dinlərini unutmuşlar. Bunun əvəzində Allah onlara xəbərdarlıq mahiyyətində müxtəlif bəlalar göndərmiş, bunlardan ibrət almayanları həlak etmişdir. Bu qövmlərin başına gələn bəlalar zahirən bir-birindən fərqlənsə də, əsas cəhəti insanların heç gözləmədiyi yerdən, gözlənilmədən, hətta çox vaxt yatdıqda gəlməsidir. Sözügedən bəlalar bəzən bütün şəhəri və ya qövmü məhv etmiş, o şəhərdən əsər qoymamış, insanlar üçün qorxunc əzab olmuşdur. Allah Quranın bir çox ayəsində məhv olmuş qövmləri bütün insanlara ibrət kimi vurğulayır:
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?  (Yasin surəsi, 31)
Quranda həmin bəlalar belə təsvir edilir:
- Suda boğulma (İsra surəsi, 103)
- Göydən şiddətli əzab (Bəqərə surəsi, 59)
- Dəhşətli sarsıntı (zəlzələ) (Əraf surəsi, 78)
- Sel fəlakəti (Qamər surəsi, 12)
- Qorxunc səs (Hud surəsi, 67)
- Odda bişmiş daş yağışı (Hud surəsi, 82)
- Uğultulu külək (Qamər surəsi 19)
- İldırım vurması (Zəriyət surəsi, 44)
- Yerin alt-üst olması... (Nəcm surəsi, 53)
bulaq

Kimlərə öyüd verilər?

Allah Quranda kimlərin öyüd alıb düşünəcəyini bildirmiş və möminlərə “Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!”  (Əla surəsi, 9) ayəsi ilə bu xüsusiyyətlərə malik olan insanlara öyüd-nəsihət vermələrini əmr etmişdir. Allah öyüd verilməli insanların xüsusiyyətlərini belə xəbər verir:
... Bununla Allah`a və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir...  (Talaq surəsi, 2)
(Allah`dan) qorxanlar öyüd-nəsihət götürərlər.  (Əla surəsi, 10)
... Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər! (Rad surəsi, 19)
… Ancaq (Allah`a )üz tutanlar ibrət alarlar! (Ğafir surəsi, 13)
… Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!  (Qaf surəsi, 45)
Sən öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.   (Zəriyət surəsi, 55)

Öyüdə ən gözəl cavab necə verilər?

Allah Quranda “Aralarında hökm vermək üçün Allah`ın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!”  (Nur surəsi. 51) ayəsi ilə möminlərin öyüd-nəsihəti necə qarşılaması bildirilir. Allah`dan və Allah`ın elçilərindən gələn öyüdü eşidərək dərhal əməl edənləri Allah cənnətlə müjdələyir. Bundan əlavə, Allah başqa bir ayəsində möminlər haqqında: “O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allah`ın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (Zumər surəsi, 18) - söyləyir. Bu ayəyə əsasən, möminlər Allah`a inananların verdiyi bütün öyüdləri dinləyir, onlara daima yaxşılığı əmr etdiyini və pis işlərdən çəkindirdiyini unutmur və hər sözünü səmimi şəkildə yerinə yetirirlər.
uşaqlar

İnfaq nə deməkdir?

İnfaq bir insanın malını və imkanlarını Allah yolunda sərf etməsidir. Bir insan gələcəyi ilə bağlı narahat olmadan ehtiyacından artıq qalanını (Bəqərə surəsi, 219) Allah yolunda sərf edərsə, Allah ona axirətdə cənnəti, dünyada isə sərf etdiklərinin əvəzində başqasını verməyi vəd edir:
De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”  (Səba surəsi, 39)
... Özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət umarlar. (Fatir surəsi, 29)

İnfaq edərkən ən gözəl davranış nədir? İnfaq necə edilir?

Allah gizli və açıq (Bəqərə surəsi, 274) infaq etməyi bildirir. Ancaq Allah infaq edənlərin bunu əsla göstəriş üçün etməmələrini, infaq etdikləri insana daha sonra sıxıntı verəcək hərəkət etməmələrini və onlara minnət qoymamalarını əmr edir. Allah verdiyi nümunələrlə göstəriş üçün infaq edənlərin heç bir qarşılıq görməyəcəklərini xatırladır:
Xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allah`a və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! Mallarını Allah`ın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm ( də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 263-265)

Hərisliklə mal toplamağın və ya xəsisliyin
Allah dərgahındakı qarşılığı nədir?

Bəzi insanlar bütün ömürlərini mal və pul yığıb saxlayırlar və bunları Quranda tərif edilən xeyirli işlərə sərf etmirlər. Hərisliklə, daima daha çox mal-mülkə sahib olmaq üçün çalışırlar. Əldə etdiklərindən isə Allah yolunda sərf etmək, ehtiyacı olanları doyurmaq əvəzinə öz nəfsləri üçün istifadə edirlər. Ehtiyaclarından qat-qat artığını toplayar və göstəriş üçün az miqdarda xərcləyərlər, lakin faydalı işlər görməyə çalışmazlar. Bu insanların axirətdəki qarşılığı çox şiddətli olacaq. Bu, “Tövbə” surəsində belə bildirilir:
… Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövləti dadın!” - (deyiləcəkdir!)  (Tövbə surəsi, 34-35)
Mal-dövlət yığıb toplayanlar və xəsislik edənlər Allah`ın dünya həyatında onları sınamaq üçün mal və zənginlik bəxş etdiyini qavramayan, bunlara dünya həyatında tamahkarlıqla bağlanan insanlardır. Allah`ın heç kimin infaqına ehtiyacı yoxdur, bütün mal-mülk də Onundur. İnfaq edərək Allah qatında savaba möhtac olan isə insandır. Allah bu həqiqəti başqa bir ayədə belə açıqlayır:
Budur, siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə, içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər! (Muhəmməd surəsi, 38)
heyvanlar

Zənginliyin axirətdə hər hansı faydası olacaqmı?

İnsanın nə zəngin olması, nə də dünyada ikən güc və iqtidar sahibi olması axirətdə ona heç bir fayda verməz. İnsanın dünyada istədiyi qədər pulu, var-dövləti olsa da, ölü bədəni torpağa basdırıldığı andan etibarən sərvətinin ona heç bir yararı olmayacaq. Əgər inkar edənlərdəndirsə, bütün digər inkarçılar kimi cəhənnəmə atılacaqdır. Dünyada ikən var-dövlətlərinə görə başqa cür münasibət görən bu insanlar axirətdə çox alçaldılacaqlar. Çünki onlar dünyadakı var-dövlətlərinə görə lovğalanmış və Allah`ın ayələrini təkzib etmişdilər. Axirətdə insanlar Allah`a iman gətirdiklərinə və Allah`dan qorxaraq Onun razı olduğu kimi davrandıqlarına görə qarşılanacaqlar. Dünyadakı var-dövlət və ya statusları onlara üstünlük gətirməyəcək. Zənginliyin Allah dərgahında heç bir dəyərinin olmadığını bildirən ayələrdən biri belədir:
Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dövlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir” – dedilər. De: “Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti bilməz!” Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 34-37)

Nəfsini müdafiə etməmək

Nəfs insana pisliyi əmr edir. Nəfsin bu xüsusiyyəti “Şəms” surəsində belə bildirilir:
And olsun nəfsə və onu yaradana; sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! (Şəms surəsi, 7-9)
Nəfsin pisliyi əmr etdiyini açıqlayan ayələrdən biri də hz. Yusiflə bağlıdır. Hz. Yusif heç bir günahı olmadığı halda, böhtana məruz qaldıqdan sonra belə demişdir:
Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!   (Yusif surəsi, 53)
Hz. Yusifin də bildirdiyi kimi, nəfs həmişə pisliyi əmr edir. Ona görə, insan hər hansı hadisə ilə qarşılaşdıqda dərhal nəfsini müdafiə etməməli, haqlı olduğunu sübut etməyə çalışmamalıdır. Çünki bir anlıq boş qalmaqla nəfsinə tabe ola bilər. Belə vəziyyətdə, əvvəlcə düşünməlidir. İnsan səmimi düşündükdə haqlı olduğunu hesab etdiyi bir çox məsələdə, əslində, səhv davrandığını anlayar. Bunu dərk etmək isə mömin üçün böyük qazancdır. Çünki səhvi olduğunu qəbul edən bir insan onu düzəldərək, Allah`ın onu bağışlamasını ümid etmək üçün ilk addımı atmış olur. Əks təqdirdə, özünü daima haqlı çıxarmağa, heç bir səhvini qəbul etməməyə çalışan birisi istədiyi qədər özünü insanların gözündə haqlı çıxarsa da, Allah həqiqəti bilir. Bu həqiqət axirətdə qarşısına çıxacaq.
İnsanın nəfsini daima müdafiə etməkdənsə, nəfsini qınayaraq daima onun qüsurlarını üzə çıxarması və bunları aradan qaldırmaq üçün Allah`a üz tutması Allah dərgahında gözəl qarşılığı olan davranışdır.

Dünya həyatına aludə olmamaq

Dünya insanların sınanması və axirət yurduna hazırlıq görməsi üçün Allah tərəfindən hazırlanmış xüsusi yerdir. Bu imtahanın tələbinə uyğun olaraq cəlbedici yaradılmışdır. Dünyanın insanı cəlb edən bərbəzəyinə bir ayədə belə diqqət çəkilir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Ayədə də bildirildiyi kimi, bir-birindən dəyərli zinətlər, mallar, qazanclı ticarət, gözəl və zəngin həyat yoldaşları, sağlam uşaqlar, gözəl evlər, hər rəngdə və modeldə avtomobillər, növbənöv qidalar insanı dünyaya bağlayan dəyərlərdir. İnsan bunların Allah`dan nemət olaraq verildiyini, hamısının keçici olduğunu və ayədə xəbər verildiyi kimi, gözəl dönüş yerinin Allah yanında olduğunu əsla unutmamalıdır. Ona təqdim edilən nemətləri də dünyada boş yerə sərf edərək deyil, axirət üçün hazırlıq görmək üçün istifadə etməlidir. Bu mühüm həqiqəti dərk edərək hərəkət edən insanlar dünya həyatına aludə olmurlar.

Dünya həyatına qane olanların vəziyyəti necə olacaq?

Bəzi insanlar dünyanın müvəqqəti və nöqsanlı yer olduğunu unudaraq ona hərisliklə bağlanırlar. Allah bu insanlardan Quranda belə bəhs edir:
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqlarına görə sığınacaqları yer Oddur. (Yunis surəsi, 7-8)
dünyaOnları yaradanı unudub hərisliklə dünyaya bağlananlar əbədi cəhənnəm əzabı içində yaşayacaqlarını bilməlidirlər. Bu insanlar etdiklərinin əvəzində çox qısa həyatı üstün tutaraq sonsuz həyatı itirəcəklər. Bundan əlavə, dünyada həvəslə bağlandıqları bu dəyərləri axirətdə əbədiyyən bir an belə əldə edə bilməyəcəklər.

Allah rizası üçün yaşamaq nə deməkdir?

Bütün həyatını Allah`a həsr etməyi dərk etmək üçün, əvvəlcə, həyatın həqiqi mahiyyətini bilmək lazımdır. Allah həyatın həqiqi mənasını belə bildirir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)
Ayədə bildirildiyi kimi, bütün insanlar davranışları ilə sınanırlar. Gözəl davrananlar, bunun nəticəsində, Allah`ın razılığını qazanaraq cənnətə girməyi arzu edirlər. Bunun üçün həyatlarının hər anını bu cür davranmalı olduqlarını bilirlər.
Lakin bəzi insanlar düşünürlər ki, sadəcə ibadət etmək və haramlardan çəkinmək Allah rizası üçündür, qalan vaxtların isə dinlə əlaqəsi yoxdur. Halbuki, insan yaşadığı hər an, hər söhbətində, ağlından keçirdiyi hər düşüncədə, gördüyü hər işdə Allah`ı daha çox razı etməyin yolunu axtarmalıdır. Məsələn, dünyada hər insan işləyir və pul qazanır. Ancaq həyatını Allah üçün yaşayan insan Allah`ın dininə daha artıq xidmət etmək üçün işləyir və qazancından ehtiyacı olanı götürərək qalanını Allah rizası üçün sərf edər. Bu insan hər söhbətində Allah`ı ən çox razı edən mövzulardan bəhs edər. İnsanlara Allah`ı xatırladar, pisliklərdən çəkindirərək yaxşılığı əmr edər. Ətrafını və dostlarını Allah`ın razılığını qazanan insanlardan seçər. Bu seçimi edərkən dünyəvi mənfəətlərini və ya din əxlaqına uyğun yaşamayan insanların prinsiplərini nəzərə almaz. Hər an: “Hal-hazırda Allah`ı necə razı sala bilərəm?”, - deyə düşünər.
Dinin ən əsas şərtlərindən biri həyatı tamamilə Allah`a həsr etməkdir. Ona görə, Allah möminlərə belə demələrini əmr edir:
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”  (Ənam surəsi, 162)
qütbdə heyvanlar

İnsan özünü nə üçün üstün görməməlidir?

Allah`dan qorxan insanın həyatdakı ən böyük məqsədi Allah`ın razılığını qazandıran əxlaqa yiyələnməkdir. Bunun üçün özünü tərbiyə etməli, daima daha üstün əxlaqa çatmalıdır. Çünki səmimiliyin, dürüstlüyün, çalışqanlığın, fədakarlığın, təvazökarlığın və ya digər gözəl xüsusiyyətlərin son həddi yoxdur.
Bir insan: “Mən ən gözəl əxlaqı mənimsədim, bundan daha yaxşısı yoxdur”, - deyə bilməz.
Özünü hər cəhətdən nöqsanlı görən, daha yaxşısını axtaran insan mənəvi baxımdan sürətlə irəliləyər. Bu cür insan qısa müddətdə səhvlərini düzəldər, hər gün daha üstün əxlaqa doğru irəliləyər. Əgər insan özünü bir sahədə kafi hesab edirsə, daha yaxşısını axtarmaq və tətbiq etmək üçün səy göstərməz. Nöqsan və səhvlərini düzəldə bilməz. Bu da onun əxlaqının gözəlləşməsinə mane olar. Allah Quranda insanın özünü hər hansı sahədə kafi görməsinin böyük səhv olduğunu belə bildirmişdir:
Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7)
Elə buna görə də insan istər Allah`ın rizasını qazanmaq üçün xeyirli işlər görməkdə, istərsə də mənəvi cəhətdən özünü təkmilləşdirmək sahəsində əsla özünü kafi görməməlidir. Allah`ın ona verdiyi ağıl ilə daima daha yaxşısını, daha gözəlini, daha üstününü, daha mükəmməlini tələb etməli və bunun üçün səmimi səy göstərməlidir.

Dində məcburiyyət varmı?

Bu sualın cavabı bir ayədə açıq şəkildə verilmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allah`a iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)
Ayədə bildirildiyi kimi, insanı dinə uyğun yaşamağa məcbur etmək olmaz. Digər insanlara Allah`ın varlığını və Quran əxlaqını təbliğ etmək möminin vəzifəsidir. Bu öhdəliklərini yerinə yetirmək istəyən möminlər digər insanların hidayətinə vəsilə olmaq üçün dini təbliğ edir, lakin Allah hidayət vermək istəmədikdən sonra heç nə edə bilməyəcəklərini bilərək bundan sonrasını həmin insanın vicdanına həvalə edirlər. Çünki Allah`ın və axirətin varlığı açıq-aşkar ortadadır. Allah`ın çağırdığı doğru yol ilə şeytanın çağırdığı azğınlıq yolun arasındakı fərqi görmək çox asandır. Hansının daha gözəl və faydalı olduğunu hər insan öz vicdanı ilə anlaya bilər. Ona görə, Allah`dan qorxan insanlar heç bir təzyiq və ya məcburiyyətə gərək qalmadan doğru yola tabe olurlar.
Allah Quranda inananların üzərinə düşən vəzifənin sadəcə doğru olanı təbliğ etmək olduğunu bir çox ayədə bildirmişdir:
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allah`a təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür. (Ali-İmran surəsi, 20)

Xeyir işlərdə yarışmaq nə deməkdir?

İnsanlar iman dərəcələrinə görə bir-birlərindən fərqlənirlər. Bəzi insanlar Allah`a heç iman gətirməzlər. Bəzisi isə güclü Allah qorxusundan daima saleh əməllər etməyə və dinə xidmət etməyə çalışır. Həyatının hər anında Allah`ı razı etməyə çalışan bu insanları Allah Quranda belə xəbər vermişdir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
Bu insanlar səhərdən axşama qədər daima dinə xidmət etməyə, dinin və möminlərin mənfəəti üçün saleh əməllər işləməyə, bir sözlə, hər an Allah`ı razı edən xeyirli işlər görməyə çalışırlar. Bunun üçün daima düşünməli, dua etməli, Allah`ın ən çox razı olduğu davranışı axtarıb taparaq o cür davranmalı olduqlarını bildilər. Ona görə, daima Allah`a yaxınlaşmaq, Onun ucalığını haqqı ilə təqdir etmək üçün dərindən düşünürlər. Bir an olmaz ki, düşünməsinlər, dünyanın keçici yararına dalıb axirəti unutsunlar. Səmimi iman gətirdikləri üçün həyatlarının hər anını Allah üçün keçirərlər və bu məsələdə qəflətə düşməzlər. Dayanmadan Allah`ı və Onun böyüklüyünü düşünmək Allah qorxularını artırır. Allah`ın Quranda əmr etdiyi kimi, bir işi qurtardıqda dərhal başqa işlə yorulurlar. Bu insanlar yarışıb önə keçənlərdir və Allah onları cənnətlə müjdələmişdir:
(Xeyirxah işlərdə) öndə gedənlər öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar.  (Vaqiə surəsi, 10-12)
sarı gül

Mömin nələrə səbir edər?

Möminin ən mühüm xüsusiyyətlərindən biri səbirdir. Ancaq Qurandan öyrəndiyimiz səbir sıxıntı vaxtlarında çətinliyə dözmək deyil. Mömin ömrü boyu qarşılaşdığı hər hadisədə, hər an Allah`ın ən çox razı olduğu davranışı etməkdə səbir göstərər.
Allah möminləri aclıq, qorxu, can və mallarından azaltma, bolluq kimi müxtəlif hadisələrlə imtahan edir. Quranda tərif edilən mömin isə hansı şəraitdə olsa da, səbirlə Allah`ın rizasını axtarar. Bolluqda Allah`a şükür edər, çətinlik və sıxıntı anlarında Allah`a təvəkkül edər, dinin və möminlərin mənfəətini həmişə öz mənfəətindən üstün tutar. Ömrü boyu bütün gözəl əxlaqi xüsusiyyətləri səbirlə tətbiq edər. Səmimidir, düzgündür, fədakardır, çalışqandır, şövqlüdür, həmişə sözün ən gözəlini söyləyər, daima dinə xidmət edər. Xülasə, Allah`ın gözəl göstərdiyi hər şeyi səbirlə edər. Bunun əvəzində, Allah səbir edən qullarını belə müjdələmişdir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allah`a məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)